YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Haydrun Tempel: Multikultural dəyərləri ilə seçilən Azərbaycan öz təcrübəsini beynəlxalq səviyyədə bölüşür

Almaniyanın paytaxtı Berlində 28 May - Respublika Günü münasibətilə qəbul keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbirdə çıxış edib. Səfir 99-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının xalqımızın siyasi, iqtisadi və mədəni həyatında imza atdığı nailiyyətlərdən danışıb, müasir Azərbaycanın məhz ADR-in dünyəvi, demokratik dəyər və ideyalarını yaşatdığını diqqətə çatdırıb.

R.Həsənov qeyd edib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin ardıcıl olaraq həyata keçirilməsi ilə Azərbaycan bu gün regionda sabitlik lövbəri və etibarlı tərəfdaşa çevrilib. Səfir Azərbaycanın Avropa ilə Asiya, Şərqlə Qərb arasında körpü rolu oynadığını, sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmizin multikultural və dini tolerantlıq dəyərləri ilə yanaşı, çoxqütblü və balanslı xarici siyasəti ilə də səciyyələndiyini bildirib. R.Həsənov 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edən ölkəmizin bu günlərdə IV İslam Həmrəyliyi Oyunlarını da uğurla təşkil etdiyini vurğulayıb.

Səfir Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığından, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında oynadığı roldan bəhs edib.

Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir 2017-ci ilin Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi və iki ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə səciyyələndiyini vurğulayıb. R.Həsənov ölkələrimiz arasında bütün sahələrdə dərin əməkdaşlığın mövcud olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərlərinin bu münasibətlərə böyük töhfə verdiyini bildirib.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib, Almaniyanın Minsk qrupunun üzvü kimi bu münaqişənin ədalətli və sülh yolu ilə həllinə töhfə verməyə çağırıb.

AFR XİN-in xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi, səfir Haydrun Tempel çıxış edərək Almaniya hökuməti adından Azərbaycanı ölkəmizdə demokratik respublikanın qurulmasının 99-cu ildönümü münasibətilə təbrik edib.

H.Tempel XIX əsrin əvvəllərində Azərbaycana alman köçlərindən, ölkəmizdə salınmış alman məskənlərindən, Helenendorf, Georgsfeld və digər tarixi qəsəbələrdə yaşayan almanların iqtisadi həyatdakı uğurlarından bəhs edib, Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyinin UNESCO səviyyəsində də qeyd olunduğunu bildirib.

Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin 25-ci ildönümünə toxunan H.Tempel iki ölkənin həm hökumətləri, həm də vətəndaşları arasında sıx əlaqələrin mövcud olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərlərinin və digər hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin bu münasibətləri daha da sıxlaşdırdığını qeyd edib.

O, ölkələrimiz arasında iqtisadi əməkdaşlıqdan danışaraq, Prezident İlham Əliyevin iştirakı ilə ötən ilin iyun ayında Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun keçirildiyini, Bakıda Alman-Azərbaycan Ticarət Palatasının mövcud olduğunu diqqətə çatdırıb, enerji təchizatı sahəsində mövcud olan strateji tərəfdaşlığı vurğulayıb.

AFR hökumətinin nümayəndəsi ölkələrimiz arasında mədəni əlaqələrin də geniş olduğunu, Azərbaycanda Goethe Mərkəzinin açılması barədə qəbul edilmiş qərarı alqışladığını bildirib.

H.Tempel multikultural dəyərləri ilə seçilən Azərbaycanın öz tarixi təcrübəsini beynəlxalq səviyyədə bölüşdüyünü, müxtəlif mədəniyyətlər arasında körpü yaradılması üçün çoxsaylı tədbirlər keçirdiyini bildirib, Bakı Prosesi və Bakı Humanitar Forumunun bu istiqamətdə əhəmiyyətini diqqətə çatdırıb.

O, Almaniyanın ATƏT-in Minsk qrupunun və ATƏT Troykasının üzvü kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupunun vasitəçilik səylərini bundan sonra da intensiv şəkildə dəstəkləmək niyyətində olduğunu, atəşkəsin möhkəmləndirilməsinə və paralel olaraq münaqişənin davamlı həlli üçün danışıqların aparılmasına çalışdığını qeyd edib.

Daha sonra tədbir iştirakçıları ziyafətə dəvət olunub, Azərbaycan musiqisi səsləndirilib.

İştirakçılara ölkəmiz haqqında məlumat broşürləri, alman dilində dərc olunmuş İRS/ERBE jurnalı təqdim olunub.

Tədbirdə AFR Bundestaqı, Kansler Administrasiyası, Xarici İşlər, İqtisadiyyat və Enerji, İqtisadi Əməkdaşlıq, Səhiyyə, Ədliyyə nazirlikləri və digər dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi, iqtisadi, mədəni dairələrin, Berlindəki xarici diplomatik missiyaların, Almaniyadakı Azərbaycan diasporunun üzvləri və mətbuat təmsilçiləri iştirak ediblər.

DİGƏR Xəbərlər Arxiv