Xəbərlər
Mərakeş səfiri: IV İslam Həmrəyliyi Oyunlarında idmançılar üçün hər cür şərait yaradılmışdı
Dördüncü İslam Həmrəyliyi Oyunlarında bütün idmançılar üçün hər cür şərait yaradılmışdı. Yarışlar zamanı təhlükəsizlik ən yüksək səviyyədə təmin edilmişdi. İdmançılar günün istənilən saatında istədikləri yerlərə sərbəst gedə bilirdilər. Bu da Azərbaycanın digər ölkələrdən fərqini göstərən əsas amillərdəndir.
Bu fikirləri “IV İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş deyib.
Səfir Oyunların yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Əsrarəngiz təbiətə malik Azərbaycanın geniş infrastrukturunun, turizm imkanlarının olduğunu vurğulayan diplomat əminliyini bildirib ki, bu, Azərbaycanı gələcəkdə turizm ölkəsi kimi daha çox tanıdacaq.
Məhəmməd Adil Embarş Azərbaycanda idmanın bütün sahələrinin inkişaf etdiyini, İslam Həmrəyliyi Oyunlarının Azərbaycan idmançılarının gücünü bir daha göstərdiyini vurğulayıb.