Xəbərlər
28 May - Respublika Günü Los-Ancelesdə təntənəli şəkildə qeyd olunub
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə geniş tədbir keçirib.
Tədbirdə ABŞ Dövlət Departamentinin Los-Anceles nümayəndəliyinin rəhbəri Ceyms Paravonian və nümayəndəliyin əməkdaşları, Kaliforniya ştat qanunvericilərinin səlahiyyətli nümayəndələri, Los-Anceles şəhər və vilayətinin təmsilçiləri, xarici dövlətlərin bu şəhərdəki baş konsulları, Kaliforniya universitetlərinin professorları, yerli KİV təmsilçiləri, həmçinin Azərbaycan, türk, yəhudi, İran, Koreya, Filippin və digər icmaların üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və ABŞ-ın dövlət himnləri səsləndirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Respublika Gününün Azərbaycan üçün xüsusi önəm daşıdığını, 99 il öncə müsəlman dünyasında ilk demokratik və dünyəvi respublikanın yaradıldığını qeyd edib, bu möhtəşəm hadisənin Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin güclənməsində müstəsna rol oynadığını bildirib. 1991-ci ildə müstəqilliyinin bərpasından sonra keçən dövr ərzində ölkəmizin tərəqqisindən bəhs edən baş konsul Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətlə inkişaf edərək regionun enerji, ticarət və nəqliyyat mərkəzinə çevrildiyini və beynəlxalq aləmdə mövqelərini gücləndirdiyini diqqətə çatdırıb. N.Ağayev qeyd edib ki, bu gün multikulturalizm və dinlərarası dialoq sahəsində dünyanın əsas mərkəzlərindən hesab edilən Azərbaycan müxtəlif önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edərək, dinlərarası harmoniyanı təşviq edən məqsədyönlü layihə və proqramlar həyata keçirərək dinc və sülhpərvər dünyanın qurulması işinə öz töhfələrini verir.
2017-ci ildə Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünün qeyd olunduğunu qeyd edən baş konsul iki ölkə və xalq arasındakı münasibətlərin qarşıdakı illərdə daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.
Los-Anceles Dinlərarası Şurasının sədri yepiskop Xuan Karlos Mendez dinlərarası tolerantlıq və harmoniya sahəsində Azərbaycanın bütün dünyaya gözəl bir nümunə olduğunu qeyd edib. O, Şura və rəhbərlik etdiyi “Churches in Action” təşkilatı adından baş konsula təbriknamə təqdim edib.
Tədbirdə, həmçinin Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda iş müddəti başa çatan və tezliklə Vətənə dönəcək diplomatların fəaliyyəti qeyd olunub və onlara baş konsulluq tərəfindən hədiyyələr təqdim edilib.