YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anna Finoççiaro: TAP qaz boru kəməri İtaliya üçün strateji əhəmiyyət kəsb edir

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi İtaliya üçün strateji əhəmiyyət kəsb edir.

Bunu İtaliyanın Parlamentlə əlaqələr naziri Anna Finoççiaro deyib.

“Bu layihə davamlı inkişaf məqsədlərinə nail olmaq baxımından ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Həmçinin TAP 2020-ci ildə Xəzər dənizi regionundan yeni qaz mənbəyinin İtaliyaya gəlişinə imkan verəcək və ənənəvi enerji mənbələrinə alternativ təklif edəcək”, - deyə Anna Finoççiaro bildirib.

Bundan başqa, nazir bildirib ki, TAP ətraf mühitin mühafizəsi qaydalarına tam uyğundur.

TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentini təşkil edir. Təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulan TAP-ın inşası üzrə işlərin 40,3 faizi görülüb. Layihənin ümumi dəyəri 4,5 milyard avrodur. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxildir.

Boru kəmərinin İtaliya ərazisindən keçən 8 kilometrlik hissəsinin tikintisi hazırda uğurla aparılır. Ətraf mühitə təsirin minimuma endirilməsi üçün boru kəmərinin İtaliya ərazisində meşələrdəki tikinti dəhlizinin eni 18 metrə endirilib. TAP-ın bu ölkədə digər ərazilərdəki tikinti dəhlizinin eni 38-28 metr təşkil edir.

“Şahdəniz” konsorsiumu layihə çərçivəsində ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən bir il sonraya, 2020-ci ilin əvvəllərinə planlaşdırılır. Artıq Yunanıstan və Albaniyada kompressor stansiyalarının tikintisi gedir. Albaniyada 70 kilometrdən çox, Yunanıstanda isə 203 kilometr boru qaynaq edilib.