Xəbərlər
Kamilə Əliyeva: Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə sülh və sabilik məkanı olduğunu nümayiş etdirir
«Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
K.Əliyeva bildirib ki, ölkəmiz növbəti dəfə dünya üçün bir nümunə təqdim etdi. Onun sözlərinə görə, Oyunların həm açılışı, həm gedişatı, həm də bağlanış mərasimi çox mükəmməl səviyyədə təşkil olunmuşdu.
«Ümumiyyətlə, Azərbaycan son illər mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Həm siyasi, həm iqtisadi, həm mədəni, həm də idman sahəsində keçirilən beynəlxalq tədbirlər nəticəsində ölkəmiz haqqında tarixi həqiqətlər dünyaya yayılmağa başladı. Eyni zamanda, bütün bunlar ölkəmizin turizm imkanlarını daha da artırır. Bütövlükdə, Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə sülh və sabilik məkanı olduğunu bir daha nümayiş etdirir»- deyə, K.Əliyeva qeyd edib.