Xəbərlər
Prezident İlham Əliyev Azərbaycanda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük diqqət yetirir
Ukraynanın paytaxtında akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzdə Ukraynada tibbi islahatlara dair məsələlər və səhiyyə sahəsində ən yaxşı dünya standartlarına doğru sürətlə irəliləyən Azərbaycanın müsbət təcrübəsi müzakirə olunub.
Tədbirdə Mərkəzin rəhbəri, həmvətənimiz, tibb elmləri doktoru, professor Aydın Salmanov tibb sahəsində Azərbaycanın nailiyyətləri haqqında məruzə ilə çıxış edib.
Professor A.Salmanov verdiyi müsahibədə qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanda səhiyyənin maddi-texniki bazasının gücləndirilməsinə böyük diqqət yetirir. Bunun nəticəsidir ki, ölkədə ən müasir avadanlıqla və aparatlarla təchiz edilmiş tibb mərkəzlərinin yaradılması geniş vüsət alıb. Əhaliyə ən yaxşı dünya standartları səviyyəsində keyfiyyətli tibbi xidmət göstərilməsi üçün lazımi şərait yaradılır.
Professor bildirib ki, Azərbaycan müalicə-profilaktika müəssisələrinin müasir müalicə-diaqnostika avadanlığı və yüksək texnologiyalar ilə təmin olunması sahəsində böyük nailiyyətlər qazanıb. Professor A.Salmanov əminliklə deyib ki, Azərbaycan dünyada yeganə ölkədir ki, onun təkcə paytaxtında deyil, həm də regionlarında yeni, təmir olunmuş, yaxud modernləşdirilmiş tibb müəssisələrinin açılışında Prezidentin şəxsən iştirak etməsi artıq ənənəyə çevrilib.
O xatırladıb ki, son illər istifadəyə verilmiş 500-dən çox tibb müəssisəsinin 70 faizinin regionların payına düşməsi sevindirici haldır.
Azərbaycanın hər yerində müasir tibb mərkəzləri fəaliyyət göstərir. Onların hər birində keyfiyyətli tibbi xidmət göstərilməsi üçün hər cür şərait vardır. A.Salmanov qeyd edib ki, bütün bunlar uğurla həyata keçirilən tibbi islahatın nəticəsidir və bu dəyərli təcrübədən həm Ukraynada, həmçinin dünyanın başqa ölkələrində dərin profil dəyişikliklərin həyata keçirilməsi zamanı istifadə edilə bilər.