YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycandakı dini vəziyyət müzakirə olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib.

Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Dövlət müşaviri xidmətinin əməkdaşları, DQİDK-nın rəhbərliyi, eləcə də mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Müşavirəni açan DQİDK-nın sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din müasibətlərinə, dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin vacib komponentlərindən biri olan din siyasətinin dünyaya tolerantlıq örnəyi olmasına diqqət çəkib və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Dövlət Komitəsinin gələcək fəaliyyətinin qurulması və dini durumun tənzimlənməsi baxımından müşavirə xüsusi əhəmiyyət kəsb edir.

Gündəliyə uyğun olaraq əvvəlcə Dövət müşaviri K.Abdullayevin bölgələrə səfərləri zamanı dindarlar və ziyalılarla görüşlərində dini durumla bağlı qaldırılmış məsələlər və verilmiş tapşırıqların icra vəziyyəti barədə bölgə şöbə müdirlərinin məlumatı dinlənilib.

Bildirilib ki, Dövlət müşaviri respublikanın şəhər və rayonlarının mütləq əksəriyyətində olub, mərkəzi və ucqar kənd məscidlərində, kilsə və sinaqoqlarda, kirxa və məbədlərdə yerli dindarlarla çoxsaylı görüşlər keçirib. Həmin görüşlərdə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşlərdə dindarları narahat edən məqamlarla bağlı məsələlər qaldırılıb və K.Abdullayev bu istiqamətdə müvafiq işlərin görüləcəyini bildirdi. Bölgə şöbə müdirləri qeyd etdilər ki, ötən müddət ərzində sadalanan məsələlərin və verilmiş tapşırıqların xeyli hissəsi həll olunub, bilavasitə Dövlət Komitəsinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə müvafiq dövlət qurumlarına yönəldilib.

Müşavirə səmimi fikir mübadiləsi şəraitində keçdi. Dövlət müşaviri K.Abdullayev səsləndirdiyi fikirlərində ölkəmizdə mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, ölkə Prezidenti tərəfindən bu ənənlərin daima qorunub saxlanıldığını diqqətə çatdırdı, görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışdı, həmçinin, müvafiq tövsiyələrini verdi.

Mövcud dini durum və Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edildikdən sonra Dövlət Komitəsinin sədri M.Qurbanlı son sözlərində bu formatda tədbirlərin mütəmadi keçirilməsini səmərəli hesab edərək gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğuladı.