Xəbərlər
Müdafiə nazirinin müavini: Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanının əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir
Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş hərbçilərin təltif olunduğu medalların onların yaxınlarına təqdim olunması münasibəti ilə təltifetmə mərasimi keçirilib.
Mərasimə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, Silahlı Qüvvələrinin zabitləri, şəhidlərin yaxınları, ailə üzvləri iştirak ediblər. /Trend/
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra təltif olunmuş Silahlı Qüvvələrin zabitləri Fikrət Məmmədov, İlqar Verdiyev, Elnur Cəfərov və Ceyhun Orucəliyevin qısa, lakin şərəfli döyüş yolundan danışıb.
Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev şəhidlərin valideynlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayaraq onlara Vətənə layiqli övlad böyütdüklərinə görə minnətdarlığını bildirib, valideynlərinə və yaxınlarına müdafiə nazirinin başsağlığını çatdırıb.
Nazir müavini qeyd edib ki, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur, xalqın yaddaşında əbədi yaşayır, onların xatirələri əziz tutulur: "Hər bir azərbaycanlı əmin ola bilər ki, şəhid olan hərbi qulluqçularımızın qanı yerdə qalmayıb. Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanının əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir".
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri oxunduqdan sonra döyüş medalları şəhid ailələrinə təqdim olunub.
Fikrət Məmmədovun təltif olunduğu "İgidliyə görə" medalı onun həyat yoldaşına, İlqar Verdiyevin təltif olunduğu "Hərbi xidmətlərə görə" medalı oğluna, Elnur Cəfərovun təltif olunduğu "Hərbi xidmətlərə görə" medalı qardaşına, Ceyhun Orucəliyevin təltif olunduğu "Hərbi xidmətlərə görə" medalı isə atasına təqdim edilib.
Şəhid İlqar Verdiyevin atası Tapdıq Verdiyev, Şəhid Ceyhun Orucəliyevin atası Pirəli Orucəliyev oğullarının Vətən yolunda şəhid olduğunu və bununla fəxr etdiklərini vurğulayıblar.