Xəbərlər
Azərbaycan cüdoçusu: Prezident İlham Əliyevin yarışlara baxması biz idmançılara dəstəkdir
Əlcəzair komandası ilə final görüşümüz gərgin mübarizə şəraitində keçdi. Hesab 2:2 idi və son görüşdə komanda yoldaşımız Uşanqi Kokauri qələbə sevincini bizə yaşatdı. Çünki bizim cüdoçularımız yüksək səviyyədə hazırlıq keçmişdilər. Bütün cüdosevərləri, azarkeşləri, xalqımızı, komandamızı qələbə münasibətilə təbrik edirəm.
Bu fikirləri jurnalistlərə müsahibəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanaraq finaldakı Azərbaycan komandasının ümumi uğuruna qələbəsi ilə töhfə verən cüdo yığmasının üzvü Nicat Şıxəlizadə bildirib.
Azərbaycan millisinin kişi cüdoçular arasında komanda yarışında qalib gələn cüdoçumuz Rüstəm Orucov deyib: “Yarışda dörd komanda - Qırğızıstan, Türkiyə, Özbəkistan və finalda Əlcəzair idmançıları ilə qarşılaşdıq. Bütün güclü komandalar bizim rəqibimiz olmuşdu. Amma buna baxmayaraq çempion olduq. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Azərbaycan cüdo yığmasının digər üzvü - fərdi yarışlarda qızıl medal qazanan Məmmədəli Mehdiyev vurğulayıb ki, final qarşılaşmasını Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin izləməsi bizim üçün çox sevindirici idi. Bu, həm də idmançılarımıza böyük dəstəkdir, eyni zamanda bizim üçün böyük məsuliyyətdir. Dövlətimizin başçısı biz idmançılara və idmanın inkişafına hər zaman dəstək olur. Biz idmançılar da bu etimadı doğruldaraq yarışlarda medal qazanmağa, dövlət himnimizi səsləndirməyə və bayrağımızı yüksəltməyə çalışırıq.
Xatırladaq ki, mayın 15-də “Bakı-2017”də kişilər arasında cüdo üzrə komanda yarışının gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə Əlcəzair yığmasına 3:2 hesabı ilə qalib gələn Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.