Xəbərlər
BƏƏ-nin dövlət naziri: Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsü birgəyaşayışa, sülhə xidmət edir
Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsü xüsusilə müsəlman dünyasının hazırda problemlərlə üzləşdiyi indiki zamanda mühüm önəm kəsb edir. Bu təşəbbüs bəşəri dəyərlərin təhdidlərə məruz qaldığı bir şəraitdə fərqli irqlərə, dinlərə, məzhəb və mədəniyyətlərə mənsub bütün insanları bir araya gətirmək baxımından əhəmiyyətə malikdir. İslam həmrəyliyi təşəbbüsü tolerantlığa, birgəyaşayışa və sülhə xidmət edir.
Bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq üzrə dövlət naziri Şeyxa Lubna bin Xalid Əl-Qasimi Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi təşəbbüsü ilə bağlı müsahibəsində bildirib.
Dövlət naziri deyib ki, Azərbaycan xalqının, eləcə də başqa xalqların dərin hörmət, sevgi və rəğbət bəslədiyi Prezident İlham Əliyevin bu təşəbbüsü sülh, qarşılıqlı hörmət kimi dəyərləri təşviq edəcək və həmrəyliyə töhfə verəcək. Bu gün bizim buna hər zamankından daha çox ehtiyacımız var. Biz daxildə problemlərin həllinə çalışdığımız və xarici çətinliklərlə üzləşdiyimiz bir zamanda həmrəyliyə, əməkdaşlığa, dialoq, sülh, tolerantlıq, qardaşlıq və harmoniyaya daha çox ehtiyac duyuruq.
Dövlət naziri bildirib ki, hazırda müsəlman ölkələrinin həll etməli olduğu bir çox problemlər var və buna yalnız qarşılıqlı müzakirələri dərinləşdirməklə və heç bir ölkənin daxili işlərinə qarışmadan nail olmaq mümkündür. Bu münasibətlər bir tərəfdən cari məsələlərə fərqli baxış tərzindən, digər tərəfdən isə hörmət və harmoniya əsasında sakit və rasional dialoq prinsiplərinə tərəfdar olmaq əvəzinə, nifaq və fərqliliyi üstün tutmaqdan yaranır. “İslam Həmrəyliyi İli” təşəbbüsü ortaq anlayış və birliyi dərinləşdirməyə daha çox töhfə verəcək və İslam dünyasında bununla bağlı səylərə yol açacaq. Eləcə də müxtəlif siyasi, sosial, etnik, dini və məzhəb məsələlərində müsəlman xalqlarının xeyrinə olan tək bir təsəvvür yaratmaq üçün məsələnin daxildən həllinə yol açacaq.
Azərbaycan Respublikasının real siyasəti, onun dostluq tərəfdarı olan rəhbərliyi, hökuməti və xalqı qarşılıqlı müzakirələr, birgəyaşayış və başqalarını qəbuletmə baxımından fərqli din və mədəniyyətlər arasında mədəniyyətlərarası dialoq fəlsəfəsini özündə əks etdirir. Azərbaycanın və digər İslam ölkələrinin rolu ekstremizm, terrorizm, təcrid və irqi ayrı-seçkilik təzahürlərini aradan qaldırmaq üçün birgə proqramlar, planlar, təşəbbüslər həyata keçirərək ayrı-seçkilik, nifrət və dözümsüzlüyün olmadığı bir cəmiyyətin bütün üzvlərinə tolerantlıq və harmoniya mədəniyyəti aşılamaqdır.
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətləri ilə bağlı suala cavabında Şeyxa Lubna bin Xalid Əl-Qasimi bildirib ki, ölkələrimiz arasında əlaqələr müxtəlif sahələrdə ortaq maraq doğuran strateji əlaqələrə əsaslanır. Hər iki ölkənin rəhbərlikləri bu strateji əlaqələri və dostluq münasibətlərini daha da möhkəmləndirməyə çalışır.