Xəbərlər
Prezident İlham Əliyev “Bakı-2017” Cüdo üzrə komanda yarışlarında uğur qazanmış Azərbaycanın kişi idmançıları və qadın atletlərinə medalları təqdim edib
Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarının Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo yarışlarının sonuncu günündə komandalar qələbə uğrunda mübarizə aparıblar.
Azərbaycanın kişilərdən ibarət milli komandası yarışı qızıl, qadın yığmamız isə gümüş medallarla başa vurublar.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva kişi cüdoçular arasında komanda yarışının final qarşılaşmasına baxıblar.
Milli komandamız gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Əlcəzair yığmasına 3:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Yarışda Azərbaycanı Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (+90 kq) təmsil ediblər.
Bürünc medallara Türkiyə və Özbəkistan yığmaları layiq görülüblər.
Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.
Qalib komandaların üzvlərinə medalları dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.
Çempion cüdoçularımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.
x x x
Həmin gün Azərbaycanın qadın cüdoçulardan ibarət yığma komandası isə finalda Türkiyə millisinə məğlub olaraq (0:5) İslamiadada ikinci yeri tutub.
Komandamızın heyətində Purevseren Buyanxişiq (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Xanım Hüseynova (63 kq), Gülsədəf Kərimova (70 kq), İrina Kindzerska (+70 kq) yer alıblar.
Qadın cüdoçular arasında komanda yarışında bürünc medallara Özbəkistan layiq görülüb.
Sonra idmançıların mükafatlandırılması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mükafatlandırma mərasiminə baxıblar.
Qalib komandaların üzvlərinə medalları Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Çingiz Hüseynzadə təqdim edib.
Sonra Türkiyə Respublikasının dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb.
Beləliklə, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında Azərbaycan idmançıları ümumilikdə 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc medal qazanıblar.