Xəbərlər
Sədaqət Vəliyeva: Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur
“Azərbaycan ailəsi həmişə uzun ömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir. Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur”. Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan ailəsi tarixən zəngin adət-ənənələrə malik olub: “Əsrlərin sınağından çıxan bu adət-ənənələr indinin özündə də cəmiyyətdə və insan həyatında mühüm rola malikdir. Məhz adət-ənənələrimizin saflığının nəticəsidir ki, Azərbaycanda qurulan ailələr dayanıqlılığı və mükəmməlliyi ilə seçilir. Bütövlükdə ailə dayanıqlığı məsələlərində adət-ənənələrin rolunu danmaq olmaz. Təsadüfi deyil ki, Azərbaycanın ailə modelini bir sıra xarici ölkə vətəndaşları özləri üçün örnək hesab edir və mümkün qədər bundan bəhrələnməyə səy göstərir. Çünki ailə dayanıqlılığı məsələlərində adət-ənənələrimiz prinsipial əhəmiyyətə malikdir. Bu cür unikal sistemin formalaşması, təbii ki, əsrlərdən bəri xalqımızın milli dəyərlərindən süzülüb gələn adət-ənənələrin bəhrəsidir. Zaman sübut edir ki, sadalanan elementlər cəmiyyətə ancaq fayda və stimul verir. Başqa bir tərəfdən, Azərbaycan ailəsinə təsir göstərən adət-ənənələr imperativ əsaslara söykənmir. Bu sadəcə, xalqımızın öz içindən gələn bir mənəvi duyğudur. Görünən odur ki, həqiqətən də bizdə buna dair əvəzsiz örnəklər toplusu var”.
“Ailə hər zaman öndə gələn müqəddəs dəyərlər içərisindədir. Bu müqəddəs dəyərlərin mühafizə olunmasında, milli mənəvi dəyərlərimizin bizim üçün yazılmamış qanunları çərçivəsində, hətta dövlətçiliyimizin belə bütövlənməsinə xidmət göstərən nüansları var” – deyə qeyd edən Sədaqət Vəliyeva əlavə edib ki, ailənin dayanıqlılığı, bütövlüyünə xidmət göstərən Azərbaycan kişisinin, qadınının ləyaqət anlamı hər şeydən ucada gəlir: “Ona görə də bu müqəddəs dəyərlər çərçivəsində düşünəndə, Azərbaycan xalqının milli kimliyində birmənalı olaraq adət-ənənələrin dayanıqlı rolu öz əksini tapıb. Ailənin uca, əziz tutulması, bütün dəyərlərin fövqündə durması onun dayanıqlılığına, eyni zamanda, əyilməzliyinə gətirib çıxarır. O baxımdan xalqımızın milli yaşantısında, ailənin mühafizə olunmasında, bütöv bir ailə anlamında tanıdılmasında bu dəyərlərin qorunmasının, mühafizə olunmasının çox böyük əhəmiyyəti var. Bu kimi müqəddəs meyarlar, prinsiplər ailənin mühafizə olunmasına gətirib çıxarır. Digər tərəfdən, müsəlman kimliyimizi nəzərə aldıqda, dinimizin gətirdiyi qaydalar içərisində Azərbaycan xalqının ülvi adət-ənənələrini qoruması büsbütün İslamın prinsipləri ilə də üst-üstə düşür”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, ailə kiçik dövlətdir. Ailəni qorumaq üçün birinci növbədə adət-ənənələrimizi, dəyərlərimizi qorumalıyıq. Bu səbəbdən də milli adət-ənənələrimizin, dəyərlərimizin və nəhayət ailələrimizin qorunması ən mühüm vəzifəmiz olmalıdır.