YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“L’indro” xəbər portalı: Beynəlxalq birlik Dağlıq Qarabağ probleminin həllinə diqqəti artırmalıdır

İtaliyanın “L’indro” xəbər portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazı yerləşdirilib.

Yazıda qeyd olunur: “Dünyanın diqqəti Ukrayna hadisələrinə yönəldiyi bir vaxtda Avropanın cənubunda qanlı müharibə ilə nəticələnə biləcək bir gərginlik yaşanmaqdadır. 20 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsi nizamlanmasa və son günlərdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində artan gərginliyin qarşısı alınmasa Avropanın enerji təhlükəsizliyinin təmin olunması sual altına düşə bilər. Azərbaycan hazırda əsas enerji təminatçısı kimi Avropa üçün önəmli bir ölkədir. Bu baxımdan Avropa Cənubi Qafqazda sabitliyin qorunub saxlanmasında maraqlıdır”.

Məqalədə Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilir. Bildirilir ki, münaqişə nəticəsində xeyli sayda insan həlak olub və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Azərbaycanın sürətli inkişafından danışan müəllif vurğulayır ki, getdikcə güclənən bu ölkə öz hərbi qüdrətini də artırmaqdadır. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu geri qaytarmaq üçün Azərbaycanın hər cür vasitələrdən istifadə etmək hüququ vardır.

Oxucuların diqqətinə çatdırılır ki, son günlərdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində artan gərginlik beynəlxalq birliyin bu regiona diqqəti artırmalı olduğunu göstərdi. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri uzun illərdir münaqişənin nizamlanması üçün çıxış yolu tapmağa çalışsa da, hələ bir nəticə yoxdur. Azərbaycanın Avropa üçün enerji təminatının şaxələndirilməsində açar ölkə olduğunu nəzərə alsaq, Qərbin bu bölgəyə həssaslıqla yanaşmasını anlamaq olar. Azərbaycan həm tranzit, həm də enerji təminatçısı kimi Qərb üçün vacib ölkədir.