Xəbərlər
Daşkənddə I Azərbaycan-Alman-Orta Asiya Konqresi keçirilib
Bakıda keçirilən III Azərbaycan Alman Türk Tibb Konqresi və I Bakı Beynəlxalq Tibbi Treninq Günlərinin davamı olaraq Özbəkistanın paytaxtı Daşkənddə I Azərbaycan-Alman-Orta Asiya Konqresi təşkil olunub. Beynəlxalq konqresin təşkilatçılarından biri də Elmi-Cərrahiyyə Mərkəzinin professoru Qurbanxan Müslümov olub.
Professorun verdiyi məlumata görə, Orta Asiya ölkələrindən 300-ə yaxın həkimin iştirak etdiyi konqresdə cərrahiyyə, radiologiya, transplantologiya və qastroenterologiyanın problemlərinə dair müxtəlif məruzələr, ustad dərsləri, canlı əməliyyatlar və treninqlər təşkil edilib. Azərbaycanlı professor konqresdə Almaniya və Türkiyə universitetlərindən olan həmkarları ilə yanaşı, referent və ekspert qismində iştirak edərək 100-dən çox həkim üçün ümumi və laparoskopik cərrahiyyə üzrə ustad dərsləri verib. Onun icra etdiyi mürəkkəb əməliyyatlar paralel olaraq Özbəkistanın 10-a yaxın klinikasına canlı translyasiya edilib və həkimlərlə birbaşa əlaqə yaradılıb. O, həmin regionda ilk dəfə olaraq mədəaltı vəzi və mədə üzərində laparoskopik üsulla əməliyyatlar icra edib. Bununla yanaşı, Almaniyadan və Türkiyədən dəvət edilmiş digər mütəxəssislərin də radiologiya, ultrasəs müayinəsi və transplantologiya sahələrində ustad dərsləri olub.
Özbəkistan Səhiyyə Nazirliyi və Daşkənd Tibb Universitetinin dəstəyi ilə təşkil olunan beynəlxalq konqresdə əməkdaşlığın genişləndirilməsi və davamlı ustad dərsləri keçirilməsi barədə razılaşma əldə edilib. Konqresdə iştirak edən Özbəkistandan və digər Orta Asiya dövlətlərindən olan mütəxəssislər öz ölkələrində tibbin inkişaf etdirilməsi üçün Almaniya və Türkiyə kimi inkişaf etmiş ölkələrlə yanaşı, Azərbaycanın və azərbaycanlı mütəxəssislərin də təcrübəsindən yararlanmağın vacibliyini qeyd ediblər. Özbəkistan Tibb Universiteti və cərrahiyyə mərkəzlərinin rəhbərliyi yerli mütəxəssislərinin təcrübə və treninqlər keçmək üçün Azərbaycana göndərilməsinin əhəmiyyətini vurğulayıblar. Q.Müslümov Özbəkistan televiziyalarına verdiyi müsahibədə son illərin ölkəmizdə tibbin inkişafı və xidmət səviyyəsinin yüksəlməsi barədə aparıcı Avropa ölkələrindən geri qalmadığını söyləyib.
Professor Q.Müslümova Özbəkistan Tibb Universitetinin və Özbəkistan Elmi Cərrahlıq Mərkəzinin fəxri professoru adı verilib.