Xəbərlər
Hikmət Hacıyev: Faşizmin qəhrəmanlaşdırılması Ermənistanda dövlət siyasətinə çevrilib
İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü ilə əlaqədar Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama yayıb.
Açıqlamada deyilir: “İkinci Dünya müharibəsində faşizm üzərində qələbədən 72 il keçir. Müharibədə 50-dən çox dövlət antifaşist koalisiyasında birləşərək dünyanı faşizm təhlükəsindən xilas edib.
Müharibədə qələbənin qazanılmasında Azərbaycan xalqı da böyük töhfələr verib. 640 min nəfərdən çox Azərbaycan vətəndaşı cəbhəyə yollanıb, onların 300 min nəfərdən çoxu döyüşlərdə həlak olub. Cəbhədə yaralanmış 440 min nəfərdən çox insan ölkə hospitallarında müalicə olunub. Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilib.
Cəbhənin tələb etdiyi bütün benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Azərbaycan təmin edib. 1940-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşüb. Yusif Məmmədəliyev başda olmaqla, kimyaçı alimlər müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər.
Faşizm üzərində qələbənin əldə edilməsində öz töhfələrini vermiş Azərbaycanı da hal-hazırda baş qaldıran faşizmin qəhrəmanlaşdırılması, irqçilik, ksenofobiya və şovinizm kimi meyillər ciddi surətdə narahat edir. Azərbaycan bu xüsusda BMT Baş Assambleyası tərəfindən illik əsasda qəbul olunan Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə" adlı qətnaməyə həmmüəllif kimi qoşulur və onu dəstəkləyir. Sonuncu belə qətnamə BMT BA-da əsasda 2016-cı il 19 dekabr tarixində qəbul edilib. Qətnamədə tələb olunur ki, irqi üstünlük və ya nifrət, eləcə də irqi ayrı-seçkiliyin təhrikinə əsaslanan fikirlərin yayılması, onların maliyyələşdirilməsi, irqçi fəaliyyətə və zorakılıq aktlarına hər hansı bir yardım göstərilməsi halları qanunla cəzalandırılmalıdır.
Ermənistan respublikası qətnamənin lehinə səs versə də, əslində isə nasizmin təbliği və faşizmin qəhrəmanlaşdırılması bu ölkədə dövlət siyasətinə çevrilib. Belə ki, faşist Almaniyasının SS generalı Njde Qaregin və "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayanın "milli qəhrəman" kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir. Njde Qaregin və Drastamat Kanayan II Dünya müharibəsində işğal olunmuş SSRİ ərazilərində yəhudilərə və digər millətlərə qarşı xüsusi amansızlıqla qırğınlar törədib. Həmçinin Bolqarıstan və Rumıniyada erməni milliyyətçi təşkilatı olan "Tsexakron" üzvlərindən ibarət döyüşçü qruplar yaradılıb və bu təşkilat dünyadakı bütün erməniləri nasistlərlə əməkdaşlığa çağırıb
Faşistlərin irqi ayrı-seçkilik, "Ari" irqi və antisemitizm ideologiyasina sahib çıxaraq, Njde Qareginin formalaşdırdığı irqçi təmayüllü şovinist erməni milli məfkurəsi bu gün Ermənistanın hakim Respublika partiyasının və nəticə etibarilə də Ermənistan hökumətinin ideoloji təmayülünü təşkil edir. Dəhşət doğuran hal odur ki, "Njdeizm" adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir. Dövlət başçısı Serj Sarkisyanın rəhbəri olduğu Ermənistan Respublikaçılar Partiyası Njdeni özlərinin lideri, ideoloji öndəri sayır.
2004-cü ildə Ermənistanda indi iqtidarda olan Respublikaçılar Partiyası tərəfindən çap edilmiş “Qaregin Njdenin Təlimi” kitabı dövlət səviyyəsində Ermənistan diplomatik nümayəndəlikləri tərəfindən ölkə xaricində də təbliğ olunur. Ermənistan tərəfindən dövlət büdcəsi hesabına bir neçə milyon dollara “milli qəhrəman” Qaregin Njde haqqında film çəkilib.
Ermənistanın faşizmin qəhrəmanlaşdırılması kimi əməlləri, o cümlədən 2016-cı il mayın 28-də ölkə rəhbərliyinin iştirakı ilə Njde Qareginə Yerevanın mərkəzində böyük abidə qoyulması II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara hörmətsizliyin ifrat nümunəsidir.
Dünyanı faşizm təhlükəsindən xilas edən və bu yolda şəhid olan milyonlarla insanın ailə üzvlərinə, müharibə veteranı və əlillərinə, ümumilikdə beynəlxalq ictimaiyyətə üz tutaraq Ermənistanın bu kimi səylərinə qarşı səslərini ucaltmağa çağırırıq.
Bu kimi ədalətsizliklərə baxmayaraq, əminik ki, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq”.