Xəbərlər
BMT-nin saytında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məqalə yerləşdirilib
BMT-nin Xəbərlər Mərkəzinin saytında “Sülh, insan təhlükəsizliyi BMT-nin mədəniyyətlərarası dialoq forumunun diqqət mərkəzində” sərlövhəli məqalə dərc edilib. Məqalədə bildirilir ki, şəhərlərdə miqrantların inteqrasiyası, zorakı ekstremizmin artmasına qarşı mübarizə, habelə gənclərin internetdə radikallaşdırılması BMT-nin Bakıda keçirilən konfransında müzakirə olunan məsələlərdən yalnız bir neçəsidir. UNESCO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan hökuməti tərəfindən təşkil edilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu insan təhlükəsizliyi, o cümlədən kütləvi miqrasiya, zorakı ekstremizm və münaqişələrlə bağlı problemlərin qarşısının alınmasında effektiv tədbirləri öyrənmək üçün imkan yaradacaq.
Vurğulanır ki, Forum “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunu müzakirə etmək üçün hökumət başçılarını, nazirləri, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələrini, siyasətçiləri, mədəniyyət sahəsində mütəxəssisləri, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını bir araya gətirir. Məqalədə UNESCO-nun baş direktorunun müavini Nada Əl-Naşifin Bakı Forumunun əhəmiyyəti barədə söylədiyi “bu Forum çox güclü görüş dairəsinə malikdir, kişi və qadınların təfəkküründə sülhün möhkəmlənməsi üzrə UNESCO mandatı ilə çox uzlaşır” sözləri sitat gətirilib. Nada Əl-Naşif bəyanatında deyib: “Dünya çox mürəkkəb məkana çevrilib... Biz innovasiya və texnologiyaları müşahidə etməklə yanaşı, həm də dünyada təhlükəsizliyinin olmaması dərəcəsindən qaynaqlanan ümumi etimadın yoxluğu nəticəsində çoxalan gərginliklə qarşılaşırıq”.
UNESCO Forumda 13 iclas keçirəcək. “Bu, təkcə bizim müzakirələr aparacağımız akademik forum olmayacaq”, - deyən Əl-Naşif Forum iştirakçıları arasında əlaqələrin qurulmasının zəruriliyini vurğulayıb. Forumda, həmçinin UNESCO kafedralarının nümayəndələri, habelə şəhər və yerli hökumət orqanlarından əlaqələndiricilər iştirak edəcəklər. Məqalədə daha sonra bildirilir ki, “Agentlik şəhərlərdə miqrant axınının öhdəsindən daha yaşı gəlmək üçün layihələr hazırlamaqda davam edir. Həmçinin Bakı Forumu çərçivəsində mədəniyyət və turizm nazirlərinin görüşü planlaşdırılır”.
Bundan başqa, UNESCO-nun mədəniyyətlərarası və dinlərarası kafedrasının təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqun problem və perspektivləri – siyasətdən nəzəriyyə və təcrübəyə doğru” kitabı, habelə Azərbaycanın maliyyə dəstəyilə UNESCO-nun nəşrləri və e-platforması, eləcə də “Qərbdə müsəlman-ərəb” elektron platforması təqdim ediləcək.