YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini: Azərbaycanın demoqrafik vəziyyəti ölkənin əmək bazarına kifayət qədər böyük ehtiyatların çıxarılmasına imkan yaradır

«Azərbaycanın demoqrafik vəziyyəti ölkənin əmək bazarına kifayət qədər böyük ehtiyatların çıxarılmasına imkan yaradır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkənin təxminən 10 milyona yaxın əhalisinin 68,8%-i əməkqabiliyyətli yaşda, 22,5%-i əməkqabiliyyətli yaşadək, 8,7%-i əməkqabiliyyətli yaşdan yuxarı olmuşdur. Mütləq rəqəmlərlə ifadə edilsə, Azərbaycanda təxminən 6,5 milyon nəfər əməkqabiliyyətli yaşda insan var». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov müqayisə üçün bildirib ki, əhalisi Azərbaycan əhalisinə bərabər olan Çexiyada (10/5,5), İsveçrədə (9,8/5), Belarusda (9,4/5) və bir sıra digər ölkələrdə xeyli fərqli mənzərə müşahidə olunur. Onun fikrincə, əməkqabiliyyətli əhalinin yüksək çəkisi Azərbaycanın iqtisadi inkişaf potensialının kifayət qədər ciddi ehtiyatlara söykəndiyini söyləməyə əsas verir.

«Bu, eyni zamanda Azərbaycanın əmək bazarını xarici sərmayələr və iş adamları üçün cəlbedici edə bilər. Bizim ölkədə əhalinin təhsil səviyyəsinin yüksək olması, zəruri infrastruktur şəraitinin təmin edilməsi və digər səbəblər də nəzərə alınarsa, sözügedən cazibədarlıq qat-qat arta bilər. Bütün hesablamalar göstərir ki, Azərbaycanın əmək bazarı istehlakçılara daha ucuz qiymətə keyfiyyətli məhsul təqdim etməyə qadirdir və bunun sayəsində ölkənin rəqabət qabiliyyətinin xeyli artırılması tamamilə real görünür. Üstəgəl, bazarlara yaxınlıq, inşa edilməkdə olan logistik mərkəz və daşınma xətləri Azərbaycanın əmək bazarına olan diqqəti artıran amillər sayıla bilər. Qeyd olunanlar ölkənin əmək ehtiyatlarından səmərəli istifadə olunmasının yalnız bir aspektini təşkil edir. Daha vacib məqam böyük əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, başqa sözlə ifadə olunsa, əməyin məhsuldarlığının artırılması ilə əlaqədardır. Əmək şəxsin və ictimai rifahın başlıca mənbəyidir. Bu tezis aktuallığını itirməmişdir. Lakin müasir şəraitdə əmək məhsuldarlığı amili həmin tezisin məzmununda ciddi korrektələr aparmağı qaçılmaz etmişdir. Yüksək rəqabət şəraitində yalnız səmərəli təşkil edilmiş, məhsuldarlıq koofisienti kifayət qədər yuxarı olan əmək həm şəxsi, həm də ictimai rifahın mənbəyi rolunu oynamağa qadirdir»- deyə, Baş nazirin müavini vurğulayıb.