Xəbərlər
Ramiz Həsənov: Azərbaycan açıq hökumət prinsipinin təşviqinə töhfəsini verib
Bu gün Bakıda “Korrupsiyaya qarşı idarəetmə sistemləri standartı” üzrə konfrans keçirilib.
Konfransda dövlət rəsmiləri, xarici ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri, bir sıra dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Konfransda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov qeyd edib ki, Azərbaycan açıq hökumət prinsipinin təşviqinə öz töhfəsini verib. O bildirib ki, 2016-cı il Azərbaycanda geniş miqyaslı iqtisadi islahatlar ili olub.
Sonra çxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, artıq 5 ildir fəaliyyət göstərən "ASAN xidmət" mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formul kimi çıxış edir.
O bildirib ki, "ASAN xidmət"də "vətəndaş həmişə haqlıdır" əsas meyardır. İ.Kərimov vurğulayıb ki, "ASAN xidmət" modeli dünyada Azərbaycan brendi kimi tanınır: “Artıq bir neçə ölkədə "ASAN xidmət" modeli tətbiq olunmağa başlayıb".
Daha sonra tədbirdə çıxış edən Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə bir çox mühüm addımlar atılıb:
“Korrupsiyaya qarşı mübarizənin ən mühüm fəlsəfəsindən biri də ondan ibarətdir ki, biz burada qabaqlayıcı və cinayət təqibi tədbirlərinin birgə vəhdətini bu mübarizənin səmərəsi üçün ən mühüm amillərdən biri kimi görürük və korrupsiyaya qarşı mübarizə siyasətini tətbiq edərkən daim çalışırıq ki, bu prinsipə əməl edək. Belə ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi öz fəaliyyətində həm qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təmin edir, həm də cinayət təqibi tədbirləri həyata keçirir”.