Xəbərlər
Rafael Hüseynov: Türkiyə uzun illərdir sübuta yetirib ki, o, demokratik dövlətdir
«Terrorizm hamımızın əleyhinə olduğumuz, bütün dünyanı təşviş içərisində saxlayan bəladır. Gözümüzün qarşısında isə Türkiyədə aylardır ki, ardıcıl olaraq qanlı terrorlar törədilir. Bircə dəfə də olsun bu məsələləri Assambleyada geniş müzakirə mövzusuna çevirmişikmi? Türkiyəyə real dəstək ola bilməkdən ötrü səyləri birləşdirmək səmtində Avropa Şurası hansı təsirli tədbirlər görüb? Türkiyə onu hər an təhdid altında saxlayan terror aktlarına görə lap çoxdan müharibə vəziyyətində, zəlzələ içərisində yaşayan kimidir». Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov qurumun yaz sessiyasında çıxışı zamanı deyib.
R.Hüseynov bildirib ki, Türkiyə uzun illərdir sübuta yetirib ki, o, demokratik dövlətdir. Lakin müharibə dövrünün, Türkiyənin ən müxtəlif xarici və daxili düşmən qüvvələrin törətdiyi təhlükələrlə üz-üzə qaldığı indiki ekstremal şəraitin öz şərtləri var.
«Demokratiya vacibdir. Lakin dövlətin və cəmiyyətin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmadığı bir yerdə demokratik təsisatlar normal fəaliyyət göstərə bilərmi? Məhz dövlətin və millətin maraqları naminə hansısa fərqli prizmadan baxarkən qəbul edilə biləcək kəskin addımlar atılırsa, bunu demokratiyanın məhdudlaşdırılması kimi qiymətləndirmək qətiyyən düzgün deyil. Türkiyədə referendum ölkə əhalisinin seçimidir. Bu istiqamətdə tənqidlərin böyük hissəsi Türkiyəyə kənardan təzyiq mahiyyəti daşıyır. Bir tərəfdən ümumxalq səsverməsinin xalq iradəsinin ən dəqiq ifadəçisi olduğunu təsdiqləyirik. Digər tərəfdən məhz referendum yolu ilə, xalqın iradəsinə arxalanaraq ölkənin hansı yolla irəliləməsi haqqında qərar çıxarmağı qət etmiş Türkiyənin başına ağıl qoymağa, ondan öz lazım bildiyi kimi deyil, kənardan təlqin edilən resept əsasında hərəkət etməsini istəyirik.Türkiyə tarixi, ənənələri, uzun əsrlik dövlətçilik təcrübəsi olan dövlətdir. Ona məsləhət də verək, yol da göstərək, köməyimizi də təklif edək. Ancaq Türkiyə yerli xüsusiyyətləri nəzərə alaraq tam bizim təklif etdiyimiz kimi hərəkət etməyəndə də onu şiddətli tənqidlərə məruz qoymayaq ki, səhv edirsən, yolunu azmısan, demokratiyadan aralanmısan.Qəti hökm verməzdən öncə bir də düşünək! Bəlkə səhv hesab etdiyimiz, tənqidə məruz qoyduğumuz bir çox addımlarda haqlı olan biz yox, məhz elə Türkiyədir?!»- deyə, R.Hüseynov vurğulayıb.