Xəbərlər
MM-in deputatı: Türkiyə özünün oturuşmuş demokratik cəmiyyətini qurub
«Türkiyə tələbə deyil ki, kimsə ona müəllimlik etsin. Türkiyə beynəlxalq təşkilatlarla və digər dövlətlərlə bərabərhüquqlu münasibətin tərəfdarıdır. Lakin bu gün hadisələr başqa məcrada cərəyan edir. AŞPA-nın Türkiyə ilə bağlı ədalətsiz və qərəzli qərarı Azərbaycanda da haqlı narazılıq doğurub». Bu fikirləri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, ötən müddətdə böyük çətinliklərə baxmayaraq, Türkiyə özünün oturuşmuş demokratik cəmiyyətini qurub. Kiminsə kənardan baxıb buna qiymət verməsinə ehtiyac yoxdur. Ona görə də düşünürəm ki, Avropa Şurası Parlament Assambleyasının bu qərarı heç bir məntiqə sığmır.
«AŞPA-nın bu qərarı təşkilatda islamofobiya meyillərinin qalib gəldiyindən, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığından xəbər verir. Bu qurumun monitorinqlərinin müəyyən dairələrin mənafeyinə xidmət etdiyi, müstəqil dövlətlərə təzyiq vasitəsi olduğu artıq heç kəs üçün sirr deyil»- deyə, deputat qeyd edib.