Xəbərlər
Şahin İsmayılov: Gənclər siyasəti dövlətin siyasi kursunda prioritetə çevrilib
«Gənclər siyasəti dövlətin siyasi kursunda prioritetə çevrilib». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Ş.İsmayılov bildirib ki, ölkəmizdə gəncliyin inkişafı üçün mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Onun sözlərinə görə, ötən illərdə qəbul olunmuş müvafiq dövlət proqramlarının uğurlu icrası da Azərbaycan gəncliyinə dövlətin diqqət və qayğısının parlaq nümunəsidir.
«Azərbaycanda gənclərin potensialının dəyərləndirilməsi, onların sosial rifah halının yaxşılaşdırılması, yaradıcılıq və idman bacarıqlarının dəstəklənməsi, təlim-tərbiyəsi, yaxşı vətəndaş kimi yetişdirilməsi, keyfiyyətli təhsil almaları, sağlam həyat tərzinin təbliği istiqamətində xeyli işlər görülüb. Cənab Prezidentin 2005-ci ildə birbaşa gənclərlə bağlı olan mühüm qərarlar verməsi gənclərimizə verilən dəyərin bariz nümunələridir. Qəbul olunan Dövlət Proqramlarındə öz əksini tapmış müddəaların icrası, ümumilikdə Azərbaycan gənclərinin fəallaşması, onların ictimai aktivliyinin və eyni zamanda gənclər təşkilatlarının işinin səmərəliliyinin artması ilə nəticələnib. Bu gün gənclər təşkilatlarının gəncliyimizin inkişafına yönəldilmiş fəaliyyəti, təşəbbüs və layihələri dövlət tərəfindən böyük dəstək alır. Yürüdülən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə millətinə, xalqına faydalı olan, milli-mənəvi dəyərlərimizə sadiq, Ulu öndərimizin azərbaycançılıq ideyasını davam və inkişaf etdirən, bilikli, bacarıqlı və dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir olan Azərbaycan gəncliyi yetişib»- deyə, Ş.İsmayılov qeyd edib.