Xəbərlər
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Belçikaya səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfər çərçivəsində səmərəli görüşlər keçirildiyini və müzakirələr aparıldığını qeyd etdi. Səfər zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə start verildiyini deyən dövlətimizin başçısı həmin sazişin əməkdaşlığımızın daha da inkişaf etdirilməsində mühüm addım olduğunu vurğuladı, bu istiqamətdə işlərin fəal şəkildə davam etdiriləcəyinə və vaxtında yekunlaşdırılacağına ümidvar olduğunu bildirdi. Tərəflər arasında sazişlə bağlı ümumi anlaşmanın mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev işlərin yekunlaşmasının danışıqlar prosesinin gedişindən asılı olacağını vurğuladı. Azərbaycan ilə Avropa İttifaqı arasında uzun illərdir yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın əsas istiqamətlərinin artıq müəyyənləşdirildiyini, Avropa İttifaqının bir sıra ölkələri ilə sazişlər və memorandumlar imzalanması təcrübəsinin olduğunu qeyd etdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təmas xəttində vəziyyət, münaqişənin həlli ilə bağlı gedən danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.