YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Görülən tədbirlər nəticəsində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilib

Aprelin 3-də Nazirlər Kabinetində Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının ilk iclası keçirilib.

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov vətəndaşların əmək hüquqlarının qorunmasının, işçilərin maddi, sosial tələbatlarının ödənilməsinin və layiqli həyat səviyyələrinin təmin edilməsinin ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu deyib. Bildirib ki, son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Görülən tədbirlərin nəticəsində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilib, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənmiş inkişafın reallaşdırılması, eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması milli iqtisadiyyatın sosial yönümlülüyünü daha da artırıb.

Əli Əhmədov deyib ki, son 12 il ərzində ölkədə 1,5 milyondan çox yeni iş yeri açılıb. 2006-cı ildən ölkədə tətbiq edilən və dövlət sosial sığorta sistemində fərdi uçota əsaslanan yeni sığorta-pensiya sistemi işçilərin pensiya və digər sosial təminatlarının daha effektiv reallaşdırılmasına imkan yaradıb. Son on il ərzində minimum əməkhaqqının səviyyəsi 3,5 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3 dəfə, əmək pensiyalarının baza hissəsi 3,1 dəfə, orta aylıq pensiya isə 4,7 dəfə artıb. Nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizlik səviyyəsi isə 5 faizdən aşağı enib.

Komissiya sədri bildirib ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrində də Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı və inklüziv məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilib. Bu hədəflərə nail olmaq üçün ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Əli Əhmədov qeyd edib ki, Komissiyanın vəzifəsi ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsini, işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsini, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsini, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsini və bu sahədə dövlət orqanları arasında koordinasiya olunan siyasətin həyata keçirilməsini təmin etməkdir. Baş nazirin müavini deyib ki, Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılacaq və Katibliyin funksiyasını isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək. Əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə isə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək.

Komissiyanın üzvlərindən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, iqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev və başqaları ölkə başçısının Komissiya qarşısında mühüm vəzifələr qoyduğunu deyib, həyata keçirilməsi nəzərdə tutulan məsələlərin aktuallığını qeyd ediblər.

İclasda ölkədə əmək bazarının mövcud vəziyyəti, o cümlədən qanunvericilik təhlil edilərək, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflər müzakirə edilib. Həmçinin əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirlərinin əlaqələndirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi də daxil olmaqla, tədbirlər planının hazırlanması və təsdiq edilməsi, eləcə də əmək bazarının tənzimlənməsi göstəricisi üzrə beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı təkliflər nəzərdən keçirilib.