YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Beynəlxalq təşkilatlar yekdil mövqe nümayiş etdirməlidirlər

Martın 29-da Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Bahar Muradova son günlər cəbhə xəttində yaranmış vəziyyətlə əlaqədar ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonenə məktubla müraciət edib. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Sənəddə Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində mövqelərini möhkəmləndirməsi, Ermənistan prezidentinin bu ərazilərdə keçirilən hərbi təlimlərdə birbaşa iştirakı və bu ölkədə keçiriləcək parlament seçkiləri öncəsi Azərbaycanın ünvanına təxribat xarakterli bəyanatlar səsləndirməsi barədə narahatlıq ifadə olunur, beynəlxalq təşkilatların bu məsələyə birmənalı münasibət bildirməsinin vacibliyi qeyd edilir. Məktubda deyilir:

“Hörmətli xanım Muttonen, icazə verin bu günlər bizi olduqca narahat edən hadisələr barədə məlumatları Sizinlə bölüşüm.

Bildiyiniz kimi, son zamanlar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində hərbi mövqelərini açıq şəkildə möhkəmləndirir və genişləndirir, həmin ərazilərə hərbi avadanlıq ötürür. Bu, Ermənistan tərəfindən Azərbaycana qarşı gücdən qanunsuz istifadənin göstəricisidir.

2017-ci il martın 25-də genişmiqyaslı hərbi təlimlərin son mərhələsində Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib. Bu münasibətlə o, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər edib və “döyüş vəzifələrini yerinə yetirərkən fərqlənən hərbi qulluqçuları təltif edib”.

Bundan əlavə, atəşkəs üçün baza sənədi olan Bişkek Protokolunun Ermənistan tərəfindən pozulmasının aydın göstəricisi olan Ermənistan prezidentinin “Bu gün Ermənistan ali baş komandanı gözünü belə qırpmadan lazım olacağı təqdirdə, İsgəndər raketləri ilə zərbə endirmək əmri verəcək” bəyanatı Ermənistanın real niyyətini və danışıqlar yolu ilə münaqişənin həll edilməsində Ermənistanın maraqlı olmadığını açıq-aydın göstərir.

Əziz həmkarım, dünən Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası ilə birgə keçirdiyiniz Beynəlxalq terrorizmlə mübarizəyə dair parlament konfransını təqdirəlayiq hesab edirəm. Аzərbаycаn Rеspublikаsı dа tеrrоrizmin аcısını yаşаyаn dövlətdir. Bildiyiniz kimi, ХХ əsrin əvvəllərindən başlayaraq ermənilər Аzərbаycаn хаlqınа qаrşı kütləvi tеrrоr hаdisələri törətməkdədirlər.

Sivil siyasətçilərin, parlamentarilərin dünyada sülhün bərqərar olunması və təhlükəsizliyin möhkəmləndirilməsi üçün yol axtardıqları bir vaxtda Ermənistan rəhbərliyi təxribatçı və təcavüzkar ritorikasından istifadə etməkdə, ölkənin beynəlxalq hüquq və Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə siyasi proseslər çərçivəsində verdiyi öhdəliklərin əleyhinə çıxmaqda davam edir.

Aydındır ki, Ermənistan prezidenti qarşıdan gələn həlledici parlament seçkilərində partiyasının qalib gəlməsi üçün işğal edilmiş ərazilərimizdəki qanunsuz fəaliyyəti ilə ölkəsində xal qazanmaq və bununla da 2018-ci ilin mart ayından sonra belə ölkəsinə rəhbərlik etmək istəyir.

Bununla da insanlıq əleyhinə cinayətlərdə iştirakının doğurduğu məsuliyyətdən müəyyən müddətə də olsa yayınmağa çalışır.

Düşünürəm ki, Ermənistanda seçkiqabağı missiyada olan müşahidəçilər, xüsusilə də DTİHB və Assambleyamızın nümayəndələri ümumi seçki standartları ilə bir araya sığmayan belə halları öz hesabatlarında əks etdirməlidirlər.

Hesab edirəm ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT və onun Parlament Assambleyası Helsinki Yekun Aktında da əks olunduğu kimi, dövlətlərarası münasibətlərin baza prinsiplərinin kobud şəkildə pozulmasının qarşısının alınması üçün yekdil mövqe nümayiş etdirməli və baş verən hadisələrə birmənalı münasibətini bildirməlidir”.