Xəbərlər
İspaniya mətbuatı: Bakı hesab edir ki, Qarabağ mövzusunda danışıqlar aparmaq üçün şərtlər irəli sürmək şantajdır
İspaniyanın eldiaria.es portalında “Bakı hesab edir ki, Qarabağ mövzusunda danışıqlar aparmaq üçün şərtlər irəli sürmək şantajdır” sərlövhəli məqalə dərc olunub. Məqalədə deyilir ki, Azərbaycan Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əhəmiyyətli danışıqların aparılması üçün şərtlər irəli sürməsini şantaj, boykot və sülh danışıqlarını qırmaq cəhdi kimi qiymətləndirir.
Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin, Ermənistan prezidenti Serj Sarkisyanın EFE informasiya agentliyinə verdiyi müsahibə zamanı ifadə etdiyi fikirlərə cavabı yer alıb. Hikmət Hacıyev ispan mətbuatına bildirib ki, Ermənistan tərəfi 2016-cı ilin yayından etibarən görüşlərdən yayınır.
Azərbaycan XİN-in rəsmisi bildirib ki, Ermənistanın danışıqlardan yayınması siyasi və hərbi təxribatlarla müşayiət olunur. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalı siyasətini davam etdirir.