YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Prezident İlham Əliyevin Fransaya səfəri Avropa-Azərbaycan münasibətləri baxımından vacib səfərdir

“Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri çox uğurlu bir səfərdir. Bu səfər həm siyasi, həm iqtisadi, həm də Avropa-Azərbaycan münasibətləri baxımından vacib səfərlərdən biridir”. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, səfər çərçivəsində Fransa Prezidenti, Senatın sədri, ayrı-ayrı şirkətlərin rəhbərləri ilə keçirilən görüşlər və bu görüşlər zamanı Azərbaycana investisiyaların qoyulması üçün yaradılan şərait, Davos İqtisadi Forumunun reytinqində Azərbaycanın ən yüksək yerlərdən birini tutması barədə məlumatların iş adamlarına çatdırılması çox əhəmiyyətli məsələdir.

Millət vəkili qeyd edib ki, səfər zamanı keçirilən görüşlərdə müzakirə edilən ən vacib məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır: “Bilirsiniz ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın Ermənistana təsiri böyükdür. Fransada keçirilən görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin qaldırılması və Fransanın məsələnin həllinə təsir imkanlarının müzakirə edilməsi bu səfərin əsas mahiyyətlərindən birini təşkil edirdi”.

S.Novruzov hesab edir ki, Prezident İlham Əliyevin Fransaya səfəri son zamanlar Türkiyə ilə bəzi Avropa dövlətləri arasında yaranmış gərginliyin azalmasına da öz təsirini göstərəcək: “Prezident həmişə sülh missiyasını yerinə yetirib, dövlətlərarası münasibətlərin yaxşı olmasının tərəfdarı olub. Bunu Türkiyə-Rusiya, Rusiya-İran münasibətlərində, ayrı-ayrı dövlətlər arasında olan münasibətlərdə görmüşük. Güman edirəm ki, Prezidentin səfəri Türkiyə ilə bəzi Avropa ölkələri arasında münasibətlərə təsirsiz ötüşməyəcək”.