Xəbərlər
Hadi Rəcəbli: Sosial ədalət Azərbaycan cəmiyyətinin ruhuna uyğundur
«Hər bir cəmiyyətdə sosial ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyil. Sosial ədalət Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə, ruhuna uyğundur». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, sosial ədalətlilik prinsipi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə daha inkişaf etmiş formada özünü göstərir. Onun sözlərinə görə, ədalət prinsipinin təmin olunması islahatlardan keçir.
«Daimi islahatlar, inkişaf yolu ilə, həmçinin cəmiyyətdə insanların təbəqələşməsi fonunda müxtəlif siyasi və iqtisadi vasitələrlə sosial ədalətin təmin olunması bu gün ölkəmizdə uğurla gerçəkləşir. Sosial ədalət dedikdə hər bir ailənin, hər bir vətəndaşın rifahının yaxşılaşdırılması, cəmiyyətin idarəçiliyində hər kəsin iştirakının təmin edilməsi, azad iqtisadi münasibətlərin təminatı və bu kimi digər məsələlər nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində bunlar açıq şəkildə özünü büruzə verir. Müasir cəmiyyət üçün sosial ədalət anlayışının məzmununun daim genişlənməsi, daha şaxələnmiş strukturlanması səciyyəvidir. Müşahidə olunan meylin dövlətin sosial funksiyasının getdikcə artmasında özünü göstərdiyi diqqətdən qaçırılmamalıdır. Dövlətin daha çox sosial təsisata çevrilməsi müasir ictimai inkişafın başlıca meyillərindən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin dövlət idarəçiliyi konsepsiyası sosial ədalət prinsipinin ön planda saxlanılmasını nəzərdə tutur. Azərbaycan dövlətinin sosial rolunun durmadan artması, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş layihələrin miqyaslarının genişlənməsi və bu qəbildən olan digər hadisələr fikrimizi təsdiq edən tutarlı dəlillər sayıla bilər. Azərbaycan Prezidenti İlham Əliyevin “Sosial ədalət bizim üçün xüsusi önəm daşıyır” fikri cəmiyyətimizin həyat fəaliyyətində sosial ədalət prinsipinin nə dərəcədə vacib rol oynadığını sübuta yetirir»- deyə, komitə sədri vurğulayıb.