YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstanda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkekdə “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində soyqırımın 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirib.

Qırğızıstanda təhsil alan tələbələr və diasporumuzun gənc üzvləri mərasim iştirakçılarını “Xocalıya ədalət!” Beynəlxalq Kampaniyası İctimai Birliyi tərəfindən hazırlanan xüsusi geyimdə qarşılayıblar.

Əvvəl Xocalı soyqırımını özündə əks etdirən foto və kitab sərgisinə baxış keçirilib, iştirakçılara soyqırımı ilə bağlı məlumatlar toplusu və açıqcalar təqdim edilib.

Mərasimin əvvəlində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət!” sənədli filmi nümayiş etdirilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Bişkekdəki “İmam Əli məscidi”nin axundu Hacı İlqar Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxuyub.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Xocalı soyqırımı haqqında ətraflı məlumat verib, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiyini, Xocalı soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə düşdüyünü bildirib.

Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq, faciə qurbanlarının xatirəsini yad etmək, erməni vandalizminin mahiyyətini, onların iç üzünü açmağın vacib olduğunu vurğulayan səfir bu vəhşiliklərin cavabsız qalmayacağını deyib. Diplomat Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti və yüksək idarəçiliyi sayəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyini və qəsbkarların layiqli cavablarını alacaqlarını, tarixin məhkəməsinin qaçılmaz olduğunu bildirib.

H. Orucov qeyd edib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” adı altında möhtəşəm, genişmiqyaslı beynəlxalq informasiya kampaniyası aparılır.

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində 700 minə yaxın insan tərəfindən müsbət rəy toplanıb və ən əsası onun 150 minə yaxını yalnız bir internet səhifəsində qeydə alınıb.

Səfir Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 100-ə yaxın ölkəsində Xocalı soyqırımının 25 illiyi ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini də diqqətə çatdırıb.

Türkiyənin Qırğızıstandakı səfiri Mətin Kılıç xalqımıza dərin hüznlə başsağlığı verib, tədbirin belə yüksək səviyyədə təşkil edildiyinə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib. Diplomat tarixən Azərbaycana məxsus olan torpaqların geri qaytarılmasının vaxtının çoxdan çatdığını, artıq dünyanın ölkəmizin gücündən xəbərdar olduğunu, Türkiyənin ədalətin bərqərar olması üçün hər zaman qardaş Azərbaycanın yanında olacağını vurğulayıb.

Bişkekdəki “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev, Qırğız-Türk “Manas” Universitetinin rektoru Səbahattin Balçı, Xalq Şairi Omor Sultanov, Xalq Yazıçısı Mar Baydjiyev, Bişkekdəki 44 saylı orta məktəbin direktoru Flora Xəlilova Xocalı soyqırımı və erməni təcavüzü barədə düşüncələrini bölüşüb, ermənilərin işğalçılıq siyasətinin ancaq Azərbaycan üçün deyil, bütün region üçün təhlükə olduğunu qeyd ediblər.

Mərasimdə Qırğızıstan hökumətinin müxtəlif strukturlarının təmsilçiləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və üzvləri, hüquq-müdafiə təşkilatlarının, beynəlxalq qurumların və ictimaiyyətin nümayəndələri, Azərbaycan diasporunun fəalları, ziyalılar, KİV təmsilçiləri iştirak ediblər.

Mərasimin sonunda Xocalı şəhidlərinin ruhuna ehsan verilib.