YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır

“Bu gün mənin Sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında Mehriba Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi təqdim edərkən səsləndirib.

Prezident İlham Əliyev qeyd edib ki, Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, deputat kimi çox böyük işlər görüb, təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox böyük addımlar atıb. Seçicilərlə daim təmasdadır və onun deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Eyni zamanda, Mehribanın deputat kimi çox geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb.

“2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində son 13 il ərzində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir” – deyə, Prezident İlham Əliyev qeyd edib.

Azərbaycanın dövlət başçısı Mehriban xanımın  beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu bildirib: “Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda, on ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban bu işə də çox önəmli töhfə verir. 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir”.

Prezident İlham Əliyev daha sonra qeyd edib ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.

“Sadaladığım bütün bu amilləri nəzərə alaraq mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir. Bu təyinat münasibətilə mən onu təbrik edirəm və ona yeni uğurlar arzulayıram” - deyə, Prezident İlham Əliyev qeyd edib.

DİGƏR xəbərlər Arxiv