Xəbərlər
Siyavuş Novruzov: Azərbaycan dünyanın güc mərkəzlərinin böyük rəğbətini qazanıb
Azərbaycan dünyanın güc mərkəzlərinin böyük rəğbətini qazanıb. Bunu ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun görüşünün Bakıda keçirilməsi bir daha sübut etdi.
Bu fikirləri generalların görüşünü şərh edən Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov bildirib ki, Azərbaycanın balanslı xarici siyasəti, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik Bakını belə vacib görüşlərin keçirilməsi üçün ideal məkana çevirib. Dünya liderləri, o cümlədən ABŞ-ın və Rusiyanın dövlət başçıları Prezident İlham Əliyevi etibarlı tərəfdaş kimi qəbul edirlər.
Milli Məclisin komitə sədri qeyd edib ki, Azərbaycan dünyada həm sülh yaradan ölkə, həm də regionda ikitərəfli, çoxtərəfli görüşlərin təşkilatçısı kimi tanınır. Rusiya ilə Türkiyə arasında yaranan gərginliyin aradan qaldırılmasında Azərbaycan, Prezident İlham Əliyev barışdırıcı rol oynadı. Bütün bunlar onu göstərir ki, Azərbaycan düzgün xarici siyasət yürüdür və bunun da uğurlu nəticələri göz qabağındadır.