Xəbərlər
Mustafa Purməhəmmədi: Azərbaycan ilə İran arasında ədliyyə və məhkəmə sahəsində yaxşı əməkdaşlıq mövcuddur
Fevralın 17-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sədr dövlət başçılarının müntəzəm qarşılıqlı səfərlərinin əlaqələrin genişləndirilməsinə böyük təkan verdiyini bildirib. “İran İslam Respublikası ilə əlaqələrimiz hərtərəfli inkişaf edir. Siyasi münasibətlərimiz yüksək səviyyədədir. Biz çox şadıq ki, ədliyyə sahəsində də yaxşı əlaqələrimiz mövcuddur”, - deyə Oqtay Əsədov vurğulayıb.
İki ölkənin parlamentləri arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu bildirən sədr diqqətə çatdırıb ki, İran və Azərbaycan parlamentlərində işçi qrupları fəaliyyət göstərir. Azərbaycan ilə İran arasında hərtərəfli hüquqi bazanın olduğunu qeyd edən Oqtay Əsədov bildirib ki, ölkələrimiz arasında 125 sənəd imzalanıb.
İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədi ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. İslam ölkələri arasında həmrəyliyin vacibliyini qeyd edən nazir Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsinin önəmli addım olduğunu bildirib.
“İqtisadi sahədə də bizim əməkdaşlıq üçün əsaslı baza mövcuddur, yaxşı sənədlər imzalanıb. Ticarət mübadiləsi günbəgün artmaqda davam edir. İnfrastruktur layihələri sahəsində də yaxşı əməkdaşlıq var. İki ölkə arasında iqtisadiyyat, mədəniyyət, turizm, sənaye və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün böyük potensial mövcuddur”, - deyə Mustafa Purməhəmmədi bildirib.
Qonaq siyasi sahədə iki ölkənin baxışlarının və fikirlərinin bir-birinə yaxın olduğunu diqqətə çatdırıb. Regional məsələlərdə mövqelərin üst-üstə düşdüyünü deyən nazir regional əməkdaşlıq sahəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən il Bakıda keçirilən Rusiya, Azərbaycan, İran dövlət başçılarının görüşünün önəmli olduğunu vurğulayıb.
Söhbət zamanı, həmçinin dünyada terrorizmə qarşı mübarizədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətlərindən bəhs olunub. İran tərəfi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdar olduğunu, ölkəmizin haqlı mövqeyini dəstəklədiyini bildirib.
Görüş zamanı Mustafa Purməhəmmədi ədliyyə və məhkəmə sahəsində yaxşı əməkdaşlığın olduğunu, eləcə də önəmli sənədlərin imzalandığını bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Görüşdə İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə də iştirak edib.