Xəbərlər
Səudiyyə Ərəbistanı şahzadəsi Bakıya gəlir
Səudiyyə Ərəbistanı şahzadəsi, ölkənin kəşfiyyat xidmətinin sabiq rəhbəri, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə mart ayında Bakıya gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, ilk dəfə Qlobal Bakı Forumuna qatılan şahzadə Turki əl-Faysalın Forumun prezident panelində “Xarici əlaqələrin gələcəyi” mövzusunda çıxışı nəzərdə tutulub.
Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətinə 23 il rəhbərlik etmiş Turki əl-Faysal 1979-cu ildə Məkkənin terrorçulardan azad olunması istiqamətində ölkəsinin apardığı çətin və irimiqyaslı əks-kəşfiyyat əməliyyatlarında iştirak edib. Usama bin Laden, Taliban lideri Məhəmməd Ömərlə dəfələrlə görüşərək danışıqlar aparmış Turki əl-Faysal Səudiyyə Ərəbistanının Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada səfiri olub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək V Qlobal Bakı Forumu martın 16-17-də baş tutacaq. Tədbirdə 50 ölkədən 200-dən artıq hazırkı və sabiq dövlət başçısının, hökumət rəhbərlərinin, fəaliyyətdə olan və keçmiş rəsmi şəxslərin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin və yüksək vəzifəli nümayəndələrinin, tanınmış siyasətçilərin, ekspertlərin iştirakı gözlənilir.