Xəbərlər
MM-in deputatı: Bu fakt Azərbaycanın bir dövlət olaraq nüfuzunu göstərir
«Azərbaycan dövlətinin siyasəti tərəfdaşlıq, beynəlxalq terrorla mübarizə və əməkdaşlıqdan ibarətdir». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.
A.Mollazadə bildirib ki, Bakıda ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında keçirilən görüş əhəmiyyətlidir. Onun fikrincə, bu görüşün Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycanın heç bir hərbi bloka daxil olmaması ilə əlaqədardır.
«Hesab edirəm ki, Bakı görüşü gələcəkdə hansısa xoşagəlməz hadisələrin qarşısıı almağa xidmət edəcək. Ölkəmizin həm ABŞ, həm də Rusiya ilə tərəfdaşlıq və əməkdaşlıq münasibətləri var. Bu görüşün məhz Bakıda keçirlməsi, böyük bölgədə sabitliyə xidmət etməsi Azərbaycanın mənafeyinə uyğundur. Bölgədə məhz sabitliyin, əməkdaşlığın tərəfdarı olduğumuz üçün belə bir görüşlər Azərbaycanda keçirilir. Dövlətimizin siyasəti hansısa qarşıdurmalar, müharibələr deyil, tərəfdaşlıq və əməkdaşlıq, qarşılıqlı maraqların üzərində qurulmuş siyasətdir. Buna görə də Azərbaycan bu siyasətini uzun illərdir öz tərəfdaşlarına da təqdim edir. Eyni zamanda, bu fakt Azərbaycanın bir dövlət olaraq nüfuzunu göstərir»- deyə, A.Mollazadə qeyd edib.