YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin Fərmanı məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürüdür

Prezident İlham Əliyev hər zaman sosial məsələlərin həllini xüsusi olaraq diqqət mərkəzində saxlayır və onların həllinə nail olur. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin vurğuladığı kimi, 2016-cı ildə sosial məsələlər də öz həllini tapıb. Əməkhaqqı və pensiyalar artırılıb, yeni sosial obyektlər istifadəyə verilib, insanları narahat edən problemlər aradan qaldırılıb. Bu gün hər bir vətəndaş dövlətin diqqət və qayğısını hiss edir.

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Dövlətimizin başçısının müvafiq Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsinə münasibət bildirən Vüqar Rəhimzadə bunu həyata keçirilən uğurlu sosial siyasətin davamı kimi qiymətləndirib. “Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı daim dövlət siyasətinin əsasında dayanıb. Bu siyasi kursun təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə görüşür, onları düşündürən məsələlərlə yaxından maraqlanır və həlli barədə müvafiq göstərişlər verir. Bu günlərdə dövlətimizin başçısının Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edildi. Məqsəd dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsidir. Hesab edirəm ki, bu Fərman məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürüdür”, - deyə V.Rəhimzadə qeyd edib.

2017-ci ildə də sosial məsələlərin həllinin diqqət mərkəzində olacağını bildirən YAP Siyasi Şurasının üzvü deyib: “Artıq hər birimiz bu sahədə əsaslı islahatların həyata keçirildiyinin şahidiyik. Azərbaycan Respublikasında əhalinin maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Prezidentinin 2017-ci il 21 yanvar tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqı artırıldı. Bununla yanaşı, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında dövlətimizin başçısı müvafiq Sərəncam imzaladı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək tapşırıldı. Göründüyü kimi, qanunvericilik bazası daha da təkmilləşdirilir və əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasına əlverişli zəmin yaradılır. Sosial müdafiəyə ehtiyacı olan hər kəs daim dövlətin qayğısını hiss edir və bundan sonra da edəcək. Bu baxımdan hesab edirəm ki, 2017-ci ildə qarşıda duran sosial məsələlər uğurla icra ediləcək”.