Xəbərlər
Rövşən Rzayev: Azərbaycan sülh prosesinə töhfə olacaq bütün addımları dəstəkləyir
«Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bizim dialoq təşəbbüslərimiz ərazilər işğaldan azad ediləndən sonra orada icmalararası münasibətlərin, vaxtilə mövcud olmuş dinc yanaşı yaşayışın bərpa edilməsi məqsədi daşıyır». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin idarə heyətinin üzvü Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, Dağlıq Qarabağın erməni icması, əslində, görüşlərdən çəkinmir. Onun sözlərinə görə, bu formatda görüşün qarşısını alan Ermənistanın rəsmiləridir. Ermənistan rəhbərliyi indiyədək daima kompromis addımlardan, konstruktiv danışıqlardan yayınmaq, prosesi müxtəlif bəhanələrlə dalana salmaq yolunu tutub.
«Bundan fərqli olaraq, Azərbaycan rəhbərliyi sülh prosesinə töhfə olacaq bütün addımları dəstəkləyir. Bildiyiniz kimi, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyəti 2007 və 2009-cu illərdə ölkə rəhbərliyinin razılığı ilə Dağlıq Qarabağa və Ermənistana səfər etdi və Dağlıq Qarabağın erməni icması ilə görüşdü. Sonra Ermənistanın nümayəndə heyəti Bakıya səfər etdi. Əmin idik ki, Dağlıq Qarabağın erməni icması ilə görüşlərimiz daha geniş tərkibdə təşkil olunacaq. Lakin rəsmi Yerevan bu yöndə təşəbbüslərə qarşı çıxdı. Ermənistan rəhbərliyi bununla bir daha göstərir ki, erməni icmasının, öz əhalisinin və bütövlükdə Qafqazın təhlükəsizliyi haqqında düşünmək istəmir»- deyə, R.Rzayev vurğulayıb.