Xəbərlər
Azərbaycan ilə Fransa arasında regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi, Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyasının baş katibi Bertran For imzalayıblar.
Anlaşma Memorandumu iki ölkə arasında regionlararası əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə hüquqi zəmin yaradır. Sənədə əsasən, regionlararası və desentralizasiya üzrə əməkdaşlığı inkişaf etdirmək, eləcə də müvafiq sahələrdə əməkdaşlığa nəzarətin həyata keçirilməsi məqsədilə İdarəetmə Komitəsi yaradılır. İdarəetmə Komitəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin səlahiyyətli nümayəndələri həmsədrlik edəcəkdir.
İmzalanma mərasimi çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev və Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran Forun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə Azərbaycan və Fransa arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin mühüm əhəmiyyəti vurğulanıb. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-Fransa əlaqələrinin, xüsusilə humanitar sahədə əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə önəmlidir.
Bununla yanaşı, Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının yaradılması, ötən həftə 8-ci iclası keçirilmiş Azərbaycan-Fransa İqtisadi Komissiyasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin genişlənməsinə müsbət töhfə verir. Azərbaycan-Fransa əlaqələrinin müxtəlif sahələri əhatə etdiyini vurğulayan nazir Şahin Mustafayev əməkdaşlığımızın iqtisadi sahədə uğurla inkişaf etdiyini qeyd edib. Diqqətə çatdırılıb ki, regionlararası əlaqələr Azərbaycan-Fransa əməkdaşlığının mühüm istiqamətlərindəndir və Azərbaycanın 14 şəhəri ilə Fransanın 13 şəhər və vilayəti qardaşlaşıb. Bildirilib ki, bu gün imzalanan sənəd Azərbaycan-Fransa əlaqələrinin və regionlararası əməkdaşlığın genişləndirilməsində önəmli olacaqdır. Fransa nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bu gün Gəncədə keçirilən və artıq ənənəvi xarakter daşıyan Beynəlxalq Üzüm və Şərab Festivalı Azərbaycan-Fransa iş adamları arasında əlaqələrin güclənməsində, qeyri-neft sektorunun ixrac qabiliyyətli sahələrindən olan şərabçılığın inkişafında, bu sahədə təcrübə mübadiləsində əhəmiyyətlidir. Fransanın şərabçılıq sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edən nazir Şahin Mustafayev Azərbaycan şərablarının da dünyada tanındığını və bu yaxınlarda Çində keçirilən sərgidə ən yaxşı şərablardan biri kimi mükafata layiq görüldüyünü bildirib. Azərbaycanda həyata keçirilən iqtisadi islahatları diqqətə çatdıran Şahin Mustafayev qeyri-neft sektorunun şaxələndirilməsinin, o cümlədən şərabçılıq kimi ənənəvi sahələrin inkişafının prioritet olduğunu qeyd edib.
Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran For Azərbaycanda səfərə olan Fransa nümayəndə heyətinə ölkəmizi yaxından tanıyan və qardaşlaşmış şəhərlərin təmsilçilərinin daxil olduğunu diqqətə çatdırıb, bu gün imzalanmış sənədin Fransa və Azərbaycan regionları arasında əməkdaşlığın inkişafında və əlaqələrin yeni müstəviyə keçməsində əhəmiyyətini vurğulayıb.