Xəbərlər
Əli Həsənov: Ağdam gec-tez erməni işğalından azad ediləcək
"Qoy ATƏT-in Minsk qrupunun nümayəndələri etimadı gedib ermənilərə öyrətsinlər". Bunu Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib. /Trend/
Baş nazirin müavini bldirib ki, ATƏT-in Minsk qrupu Azərbaycana deyil, Ermənistana etimadı öyrətməlidirlər: "Bizə etimaddan danışan Minsk qrupunun dövlətləri son vaxtlar etimad sözünü də atıblar ortaya. Qoy bilsinlər ki, bizə o etimadı öyrətmək lazım deyil. Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy gedib o etimadı ermənilərə öyrətsinlər və ermənilərin qarşısında o şərti qoysunlar".
Ə.Həsənov bildirib ki, Azərbaycan artıq onlara inanmır: "Biz artıq onlara inanmırıq. ATƏT-in Minsk qrupu demək olar ki, mahiyyətini itirib".
Baş nazirin müavini, həmçinin qeyd edib ki, Ağdam gec-tez erməni işğalından azad ediləcək: "Çox təəssüf ki, biz bu gün Ağdamın azad edilməsi yox, işğalının növbəti ildönümü münasibətilə yığışmışıq. Amma biz bilirik ki, Ağdamın işğalı müvəqqətidir. Biz Ağdamı işğaldan azad edəcəyik. Buna tam əminik".