Xəbərlər
Siyavuş Novruzov: “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi vacib sənəddir və bu sənəd ətraflı şəkildə hazırlanıb
«Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi vacib sənəddir və bu sənəd ətraflı şəkildə hazırlanıb. Qanunda hərbi vəziyyətlə yanaşı, səfərbərlik məsələsinə ciddi fikir vermək lazımdır». Bu fikirləri Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
S.Novruzov bildirib ki, dondurulmuş münaqişə həll edilmiş münaqişə demək deyil və nə vaxtsa aktivləşə bilər. Onun sözlərinə görə, aprel döyüşlərini buna misal göstərmək olar.
«Elə proses yarana bilər ki, biz hər an hərəkətə keçməyə məcbur olarıq. Bu baxımdan vəziyyətə hər an hazır olmalıyıq. Əvvəllər belə təcrübə var idi ki, sərhəd bölgələrinə istefada olan hərbçilər rayon icra başçısı təyin edilirdilər. Fikrincə, bu təcrübədən indi də istifadə etmək lazımdır. Bizim kifayət qədər istefada olan, dövlətinə sədaqətlə xidmət edən hərbçilərimiz var ki, onlar idarəçilik, insanlarla münasibət qurmaq və eləcə də digər sahələrdə yüksək təcrübəyə malikdirlər. Bəzi yerlərdə zərurət olarsa, belə insanlardan istifadə etmək vacibdir. Yadımıza salaq ki, 1990-ci illərin əvvəllərində elə həmin vətənpərvərlər emənilərin hücumlarının qarşısını alırdı. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Əfqanıstan döyüşçülərinə və müharibə təcrübəsi olan insanlara müraciət etdi. Ayrı-ayrı ölkələrin müdaxiləsi olmasa idi, bütövlükdə Azəraycan torpaqlarını işğaldan azad etmək mümkün olardı. O baxımdan təklif edərdim ki, müvafiq qurumlar artıq müəyyən yaş həddinə çatan insanları siyahılaşdırmalı, heç olmasa onlara 6 aydan bir təlim keçirilməlidir. Biz aprel döyüşlərində şahidi olduq ki, döyüşü aparan, erməniləri darmadağan edənlər müqavilə əsasında xidmət göstərən insanlardır. 18 yaşında əsgərlər hələ təzə öyrənir, o həmin müddətə çatana, psixoloji durumdan çıxana qədər təcrübəli insanlar hazırlamalıyıq ki istənilən döyüş anında onlardan istifadə olunsun»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.
S.Novruzov qeyd edib ki, “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsində mətbuatla bağlı məqamlar düzğün olaraq nəzərə alınıb. Əvvəllər KİV-lərin ordu haqqında istədkiləri məlumatlar yazdıqlarını xatırladan millət vəkili hazırda bu məsələnin qarşısının alındığını bildirib: «Amma xaricdə bizi istəməyən qüvvələr var ki, onlar müəyyən məlumatlar yayır, ölkəmizdə də həmin qüvvələrə uyanlar o məlumatları çap edirlər. Hesab edirəm ki, bunun da qarşısı alınmalıdır. Hərbi vəziyyət vaxtında ancaq hərbi vəziyyətə rəhbərlik edən orqan tərəfindən verilən məlumatlar dərc olunmalıdır».