Xəbərlər
Aqiyə Naxçıvanlı: 2017-ci ilin dövlət büdcəsi mükəmməl səviyyədə hazırlanıb
«Hökumət hər zaman olduğu kimi, 2017-ci ilin dövlət büdcəsi layihəsini mükəmməl səviyyədə hazırlayıb». Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.
A.Naxçıvanlı bildirib ki, büdcə həmişəki kimi sosialyönümlüdür. Onun sözlərinə görə, bu da əhalinin sosial müdafiəsinin daim diqqət mərkəzində olduğunu göstərir.
«2017-ci ilin büdcəsinə ölkənin bəzi şəhər və rayonlarında yeni tikilib istifadəyə verilən məktəb və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı dövlət ümumtəhsil məktəblərində uşaqların məktəbə hazırlığının təşkili məqsədilə tələb olunan vəsait proqnozlaşdırılıb. Həmçinin ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması, tədris laboratoriyalarına avadanlığın alınması, SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası üzrə tədbirlərin maliyyələşdirilməsi, gənc istedadlara xüsusi təqaüdlərin ödənilməsi ilə bağlı və digər təhsil tədbirlərinin həyata keçirilməsi üçün xərclər də nəzərdə tutulub»- deyə, komitə sədri vurğulayıb.