Xəbərlər
XİN: Nalbandyan Minsk qrupunun həmsədrlərinin bəyanatını təhrif etməklə Ermənistan ictimaiyyətini aldadır
Ermənistan xarici işlər naziri yenə də öz ənənələrinə sadiq qalaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin xarici işlər nazirləri səviyyəsində dekabrın 8-də Hamburqda verdikləri bəyanatını təhrif etməkdən çəkinmir. Ermənistan ictimaiyyətini aldatmaq üçün yalnız daxili istehlaka ünvanlanmış bəyanatlarla çıxış edir.
Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbandyanın kütləvi informasiya vasitələrinə açıqlamasına cavab olaraq bildirib.
Hikmət Hacıyev deyib: Ermənistan xarici işlər nazirinin özünün dediyi kimi, məhz ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı əsasında məsələləri qiymətləndirmək lazımdır.
Həmsədrlərin bəyanatında silahlı insidentlərin baş verməsi, güc tətbiq etmək və güc tətbiq edərək hədələmək pislənir. Güc tətbiq etmək və ya güc tətbiq edərək hədələmək prinsipindən çox danışan Ermənistan tərəfi anlamalıdır ki, bu prinsipdən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti də bilavasitə Ermənistana aiddir. Hərbi güc tətbiq edərək Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq hədə doğuran tərəf də məhz Ermənistandır. Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən hələ də çıxarılmayıb. Ermənistan Azərbaycana qarşı güc tətbiq etmək və güc tətbiq edərək hədələmək kimi qeyri-qanuni fəaliyyətini davam etdirir. İnsidentlərin baş verməsinin də səbəbi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğudur.
Danışıqlar prosesində hər hansı irəliləyişin ola biləcəyini görən Ermənistan tərəfi həmişə təxribatlara əl atır. 2014-cü ilin sonunda prezidentlərin Paris görüşündən sonra Ermənistanın təhriki ilə baş vermiş helikopter insidenti və məlum aprel hadisələri bunun bariz nümunələridir. Bu ilin aprelində cəbhədə vəziyyətin gərginləşməsi Ermənistanın təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisini vəhşicəsinə ağır silahlardan atəşə tutması, Ermənistanın birbaşa hərbi avantürası və təxribatı nəticəsində baş verdi. Azərbaycan silahlı qüvvələri mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün əks-həmlə tədbirləri gördü. Ermənistanın bu əməlləri nəticəsində 6 nəfər azərbaycanlı mülki şəxs, o cümlədən azyaşlı qız həlak oldu və 33 nəfər yaralandı. Şəxsi və dövlət mülkiyyətinə, məktəb və uşaq bağçalarına ciddi zərər dəydi. Hətta aprelin 5-də atəşkəs haqqında anlaşma əldə olunsa da, aprelin 26-27-də Ermənistan Ağdam və Tərtər istiqamətində mülki Azərbaycan əhalisini yenidən ağır artilleriya atəşinə tutdu. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, o cümlədən Azərbaycan hərbi qulluqçularına qarşı qeyri-insanı davranışı beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasıdır.
2009-2013-cü illərdə verilmiş Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarından sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Hamburq bəyanatında münaqişənin həlli üzrə addımları yenidən sadalayaraq, bu sırada ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı ərazilərin işğaldan azad edilməsini, qaçqın və məcburi köçkünlərin geri qayıtmasının təmin olunmasını qeyd edirlər. Ermənistan xarici işlər naziri bilərəkdən bu məqamın üzərindən sükutla keçir.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında Ermənistanın möhtəkirlik obyektinə çevirməyə çalışdığı insidentlərin araşdırılması və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsinə də aydınlıq gətirilir. Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, bəyanatda bu təkliflərin münaqişənin həlli üzrə danışıqların dərhal bərpa edilməsi ilə həyata keçirilməsi qeyd olunur. Azərbaycan tərəfi bununla əlaqədar dəfələrlə bildirmişdi ki, insidentlərin araşdırılması mexanizmi münaqişənin həlli üzrə substantiv danışıqlarla sinxronlaşdırılmalı və onun tərkib hissəsi olmalıdır.
Ermənistan xarici işlər nazirinin istinad etdiyi 1994-1995-ci il atəşkəs rejiminə dair razılaşmaya gəldikdə isə bu çərçivədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üzrə vaxt cədvəlinin olması barədə müddəanı qeyd etmək lazımdır.
Ermənistan xarici işlər naziri Helsinki Yekun Aktını və xalqların öz müqəddəratını təyinetmə prinsipini yenə də təhrif edir. Onun yaddaşını təzələmək istərdik ki, xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz. Helsinki Yekun Aktının 8-ci bəndində deyilir: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn müvafiq normalarına, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər”.
Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında mövcud işçi təkliflər əsasında davamlı sülhü təmin etmək üçün danışıqların aparılması qeyd olunur. Amma Ermənistan tərəfi substantiv danışıqlardan yayınmaq üçün şərtlər və bəhanələr irəli sürür, görüşlərdən yayınır, Vyana və Sankt-Peterburq razılaşmalarına zərbə vurur, cəbhədə gərginlik yaradır, açıq şəkildə sülh prosesini pozmaq və status-kvonu saxlamaq siyasəti yürüdür. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirmək, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişmək cəhdlərini davam etdirməsi Ermənistan tərəfinin əsl niyyətini ortaya qoyur.
Ona görə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatının kimə ünvanlandığı və nəyi ehtiva etdiyi hamıya çox yaxşı məlumdur.
Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan XİN rəhbərinin bu açıqlaması ilə əlaqədar bildirib: “Bu kimi açıqlamalar Ermənistanın münaqişənin həlli üzrə aparılan danışıqların və ATƏT Minsk qrupunun həmsədrlərinin səylərinin pozulmasına yönəlmiş addımlarıdır. Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin son bəyanatında qeyd olunduğu kimi, həmsədrlərlə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək. Biz Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunacağına əminik”.