Xəbərlər
Anar: Müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsidir
«Bütün tariximizə nəzər saldıqda əminliklə deyə bilərik ki, Heydər Əliyev xalqımızın ən böyük dövlət xadimlərindən biridir. Ulu öndər Heydər Əliyev bütövlükdə dünya miqyasında böyük siyasi xadim idi». Bu fikri yap.org.az saytına müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.
Anar bildirib ki, Heydər Əliyev böyük dövlət xadimi olaraq xalqımız üçün misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycanı daxili çəkişmələrdən xilas etdi.
«Heydər Əliyev yeni Azərbaycanın əsasını qoydu. Bu gün müstəqil dövlətimiz möhkəm təməllər üzərində qurulub. Yəni müasir müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsidir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, həqiqətən, Heydər Əliyev xalqımızın əbədi milli sərvətidir. Mən Ulu öndər haqqında xatirələrimi qələmə aldığım “Unudulmaz görüşlər” kitabımda da qeyd etmişəm ki, Heydər Əliyev haqqında çox yazılıb, qalın-qalın kitablar çıxıb. İllər keçdikcə daha da çox yazılacaq, tarixin süzgəcindən keçmiş qiymətlər daha da dəqiqləşdiriləcək, dünyada və ölkəmizdə baş verəcək olayların, gələcək hadisələrin kontekstində Onun xidmətləri daha dərindən dərk ediləcək»- deyə, Anar vurğulayıb.