Xəbərlər
Siyavuş Novruzov: Son illər ünvanlı sosial yardımların, pensiyaların verilməsində şəffaflıq daha da artıb

«Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həm pensiyaların hesablanması, həm də ünvanlı sosial yardımların verilməsi ilə bağlı böyük islahatlar həyata keçirilib». Bu fikri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında» qanunun müzakirəsi zamanı deyib.
S.Norvuzov bildirib ki, biz büdcənin təqdimatının yeni formasına keçməliyik. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin təqdimatı bu baxımdan müsbətdir.
«Son illər ünvanlı sosial yardımların, pensiyaların verilməsində şəffaflıq daha da artıb. Bu yöndə elektron xidmətə keçilib. İndi ünvanlı sosial yardım alan şəxslərin siyahısı ƏƏSMN-nin saytında yerləşdirilib. Büdcə müzakirələri zamanı sosial sahə ilə bağlı kifayət qədər fikirlərimizi səsləndirmişik və bu sahədə artımlar göz qabağındadır. Şəhid ailələrinin mənzillə təmin olunması, əlillərin mənzil şəraitinin yaxşılaşdırılması və yeni mənzillərin tikilməsinin hər birimiz şahidiyik. Bu baxımdan Fondun gələn il büdcəsini də yüksək qiymətləndirirəm»- deyə, S.Novruzov vurğulayıb.