Xəbərlər
İqor Çrnadak: Azərbaycan ilə Bosniya və Herseqovina arasında gözəl münasibətlər var
Azərbaycan ilə Bosniya və Herseqovina arasında gözəl münasibətlər var.
Bu fikri Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak dekabrın 1-də azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında söyləyib.
Nazir bildirib ki, hər iki ölkə iqtisadi əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İqor Çrnadak deyib: “Biz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Bu yaxınlarda parlamentimizdə bu barədə sənəd də qəbul olundu. İstəyirik ki, münaqişə sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun”.
Enerji layihələri barədə danışan nazir bildirib ki, ölkəsi bu sahəyə böyük maraq göstərir: “Bosniya və Herseqovina islahatlar həyata keçirir. Biz ölkəmizi sərmayə üçün cəlbedici etmək istəyirik. Gələcəkdə biznes forum da keçirmək niyyətindəyik”.
Nazir iki il əvvəl Bosniya və Herseqovinada baş verən daşqınlar zamanı Azərbaycanın etdiyi yardıma görə təşəkkürünü bildirib.
Elmar Məmmədyarov Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. O bildirib ki, hazırda iqtisadi əlaqələrin genişləndirilməsi yolları müzakirə olunur. Bosniya və Herseqovina enerji layihələri ilə maraqlanır. Görüşdə bu sahədə müzakirələr aparıldı. Bu ilin sonu və ya gələn ilin əvvəlində Bakı-Tiflis-Qars dəmir yolu xətti fəaliyyətə başlayacaq. Bu, Bosniya və Herseqovina üçün də müəyyən imkanlar açacaq. Ölkələrimiz arasında hüquqi bazanı gücləndirmək üçün səfərdən sonra qısa müddətdə bir neçə saziş hazırlamaq barədə qərara gəldik.
Elmar Məmmədyarov həmkarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı məlumatlandırdığını da bildirib. O, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Bosniya və Herseqovinaya təşəkkür edib.