Gündəm
Prezident İlham Əliyev: Azəbaycan multikulturalizmi və tolerantlıq ənənələri dünyada örnək model kimi qəbul edilir
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" beynəlxalq konfransının iştirakçılarına müraciətində bildirib ki, hazırda qloballaşan dünyada mürəkkəb ictimai-siyasi proseslər yaşanır, etnik-dini zəmində münaqişələr, irqi ayrı-seçkilik, dini ekstremizim və islamofobiya kimi arzuolunmaz təzahürlər müşahidə edilir: "Beynəlxalq təhlükəsizliyi və insanların əmin-amanlığını təhdid edən bu cür hallara qarşı səmavi dinlərin sülh, mərhəmət, şəfqət və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa və əməkdaşlığa ciddi ehtiyac var. Bu baxımdan dünyada örnək model kimi qəbul edilən Azəbaycan multikulturalizmi və tolerantlıq ənənələri ilə bağlı mövzuların konfransda müzakirəsi böyük elmi, ictimai və siyasi məna daşıyır. Biz Azərbaycanda tarixi-mənəvi irsin, etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə dövlət siyasəti səviyyəsində xüsusi önəm verir, dövlət-din münasibətlərinin tənzimlənməsində milli tarixi ənənələr və beynəlxalq hüquqi normalara əsaslanırıq. Sizlər də təmsil etdiyiniz respublikalarda eyni fəaliyyəti fədakarlıqla həyata keçirirsiniz. Ümumi və doğma evimiz olan Qafqazda davamlı sülhün, əmin-amanlığın bərqərar olmasında, bəşəri dəyərlərin, İslam dininin əsl mahiyyətinin təbliği və təşviqində, yad dini cərəyanların və zərərli təsirlərin vaxtında qarşısının alınmasında sizin kimi din xadimlərinin rolu böyükdür".