Xəbərlər
Allahşükür Paşazadə: Azərbaycanda dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir
“Bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan din-dövlət münasibətləri yüksək səviyyədə inkişaf etdirilir”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans zamanı çıxışında deyib.
A.Paşazadə bildirib ki, Azərbaycanda daxili sabitlik mövcuddur: “Dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Son zamanlarda dünyada faciəvi hadisələrin, dini və milli zəmində radikallaşmanın, ekstremizmin, mənəvi dəyərlər böhranının, miqrant probleminin yaşandığı bir dövrdə Azərbaycanın multikultural həyat tərzi nadir mədəniyyət nümunəsidir. Bu bizim həyat tərzimizdir, biz bunu örnək olaraq dünyaya təqdim edirik və fəxr edirik ki, bu elitar ideyanın müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Eyni zamanda, milli-mənəvi mədəniyyətimizin təbliğində müstəsna xidmətləri olan Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk”.