YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Romada Azərbaycanla bağlı konfrans keçirilib

Romada İtaliya–Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) ikiillik fəaliyyəti ilə əlaqədar “Azərbaycan diqqət mərkəzində: TAP boru kəməri - ilk Avropa Oyunları 2015” mövzusunda konfrans keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyinin və İTAZERCOM-un təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən səfir Vaqif Sadıqov iki il ərzində qurumun gördüyü işlərdən danışıb. Bildirib ki, İTAZERCOM Azərbaycan ilə İtaliya arasındakı əlaqələrin inkişafı istiqamətində uğurla fəaliyyət göstərir.

Prezident İlham Əliyevin iyulun 13-dən 15-dək İtaliyaya rəsmi səfərini xatırladan səfir vurğulayıb ki, səfər çərçivəsində bu ölkənin dövlət, hökumət və parlament rəhbərləri ilə bir sıra görüşlər keçirilib, mühüm sənədlər imzalanıb. Səfər zamanı qəbul olunmuş İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizin uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Şübhəsiz, bütün bunların əməli nəticəsi olaraq ölkələrimiz arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub.

İTAZERCOM-un prezidenti Manuela Traldi çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, bu qurum Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsi kimi önəmli bir missiya üçün fəaliyyət göstərir. İki ölkə arasında mövcud yüksək səviyyəli münasibətlər TAP layihəsinin reallaşması ilə daha da genişlənməkdədir. İtaliya şirkətləri Azərbaycan bazarında daha çox təmsil olunmağa maraq göstərirlər. Bu baxımdan İTAZERCOM tərəfindən təşkil olunan ticarət missiyaları xüsusi əhəmiyyət kəsb edir. Bu cür missiyaların gələcəkdə daha tez-tez təşkil olunması planlaşdırılır.

Tədbirdə, həmçinin italiyalı professor Françesko Kossunun müəllifi olduğu “Azərbaycan: hüquqi və iqtisadi araşdırma, investisiya qoyuluşu və inkişaf üçün imkanlar” kitabının təqdimatı olub.

Tədbirdə çıxış edən digər məruzəçilər də İTAZERCOM-un fəaliyyətini yüksək qiymətləndirərək belə bir qurumun təsis olunmasının iki ölkə arasındakı əlaqələrə mühüm töhfəsini vurğulayıblar. Daha sonra “Bakı Avropa Oyunları-2015” haqqında videoçarx nümayiş olunub.

Sonda İTAZERCOM-a yeni üzv olunanlara sertifikatlar təqdim edilib.