Gündəm
Prezident İlham Əliyev: Azərbaycan multikulturalizmin yaxşı nümunəsidir
“Bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə nail olmuşuq və bu 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı, transformasiya keçmiş sahələrdən biri demokratik inkişaf istiqamətindəki islahatlar olub.” Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışı zamanı söyləyib.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında daha sonra qeyd edib ki, Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv dövlətdir və hər iki təşkilatda yüksək səviyyəli dəstəyə malikdir.
“Bizim tariximiz, ənənələrimiz və ölkəmizin multikultural inkişafı müxtəlif dövlətlər, sivilizasiyalar və dinlər arasında münasibətlərin necə düzgün planlaşdırılıb, təşkil edilə biləcəyinin nümunəsidir. Azərbaycan isə multikulturalizmin yaxşı nümunəsidir. Yeri gəlmişkən, bu il ölkəmizdə “Mültikulturalizm ili” elan edilib. Bu, bizim dövlət siyasətimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.” –deyə, Prezident İlham Əliyev bildirib.