Xəbərlər
Prezident İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında Sərəncam imzaladı.
Sənəddə qeyd olunur ki, son dövrlərdə Bakı şəhərində gedən sürətli iqtisadi inkişaf, əhalinin sayının artması, çoxlu sayda müxtəlif təyinatlı binaların və obyektlərin tikintisi şəhər təsərrüfatına, onun infrastrukturuna, o cümlədən mühəndis-kommunikasiya təminatı obyektlərinə düşən yükü dəfələrlə artırmışdır.
Bakı şəhərində 2016-cı ilin sentyabr və oktyabr aylarında yağan yağışlar həmin dövr üçün müşahidə edilmiş yağıntı normasından müvafiq olaraq 9,2 və 3,7 dəfə çox olmuşdur. Bu yağıntılar nəticəsində küçə və prospektlərdə səth sularının kənarlaşdırılmasını təmin etməli olan yağış kanalizasiya sisteminin işləməməsi ciddi fəsadlar törətmiş, bir sıra müxtəlif təyinatlı obyekt və tikililərə ziyan dəymiş, vətəndaşların və nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır.
Bakı şəhərinin və Abşeron yarımadasının yağış kanalizasiya sisteminin yüksək inkişaf templərindən geri qalması və şəhər təsərrüfatının tələblərinə cavab verməməsi bu sistemin təkmilləşdirilməsini, o cümlədən səth sularının idarə olunmasını, təmizlənməsini, yağış və ərimiş qar sularının yığılması nəticəsində ciddi problemləri olan şəhər avtomobil yollarında, yaşayış massivlərində zəruri tədbirlərin həyata keçirilməsini, şəhərin ekoloji və sanitar vəziyyətinin normada saxlanılmasını tələb edir.
Sərəncama əsasən, Bakı şəhərində yağış kanalizasiya sisteminin, şəhərin ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə işçi qrupu yaradılmışdır.