Xəbərlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Payız Liderlik Məktəbi açılıb
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Kaluqa vilayətində RAGB-nin “Gələcəyə addım” adlı Payız Liderlik Məktəbi açılıb. Tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.
“Etnomir” etnoqrafiya park-muzeyində təşkil edilmiş məktəbin işində Rusiyanın Moskva, Kazan, Saratov, Volqoqrad, Rostov-Don, Çelyabinsk, Çeboksarı, Voronej, Kaluqa, Vladimir, Yaroslavl və digər regionlarının ali məktəblərində təhsil alan yüzdən çox azərbaycanlı və rusiyalı tələbə iştirak edir.
RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev forum iştirakçılarını Xalq Birliyi Günü münasibətilə təbrik edərək bildirib ki, Moskvada keçirilən xalq yürüşündə Azərbaycan nümayəndələri də iştirak ediblər.
O, həmin məktəbin təşkil olunmasının əhəmiyyətini vurğulayaraq gənclər birliyinin fəaliyyəti barədə tələbələrə məlumat verib, RAGB-nin gələcək planları barədə danışıb.
Emin Hacıyev Azərbaycan gənclərinə göstərilən diqqət və qayğıya görə RAGB-nin sədri Leyla Əliyevaya təşəkkürünü bildirib.
E.Hacıyev: “Bu il dekabr ayında RAGB-nin 7-ci forumu keçiriləcək. Forum çərçivəsində həm plenar, həm də seksiyalar üzrə iclaslar nəzərdə tutulur. Sizin hamınızı həmin forumun işində fəal iştirak etməyə çağırırıq. Siz həm də özünüzün daha maraqlı hesab etdiyiniz mövzular üzrə məruzələrlə çıxış edə biləcəksiniz. Bildiyiniz kimi, biz RAGB nəzdində könüllülər qərargahı yaratmışıq, oraya ən fəal gənclər daxil ediləcək”.
Onun sözlərinə görə, RAGB gənclərin təşəbbüslərini həmişə dəstəkləyir, RF-dəki azərbaycanlı tələbələrin layihələrinin həyata keçirilməsinə kömək edir.
Payız Liderlər Məktəbinin açılış mərasimində çıxış edən tələbələr belə bir forumun təşkil edilməsinə və liderlik keyfiyyətlərini üzə çıxarmaq imkanına görə RAGB rəhbərliyinə təşəkkür ediblər.
Qeyd edək ki, bu məktəbdə perspektivli, istedadlı və yaradıcı gənclər toplanıb. Onlar dörd gün ərzində tematik treninqlərdə, ustad dərslərində, yarmarka-təqdimatlarda, işgüzar oyunlarda və idman yarışlarında iştirak edəcəklər. Treninqləri RF-nin fəal gənclərlə iş sahəsində aparıcı mütəxəssisləri keçirir.
Liderlər məktəbi – bu tədbirin iştirakçılarına zəruri biliklər əldə etmək, təcrübə mübadiləsi aparmaq və öz ideyalarını, layihələrini həyata keçirmək, özlərinə həmfikirlər tapmaq imkanı verən məkandır.
Liderlər məktəbində məşğələlərdə gənc fəallar yeni layihələr yaratmaq və öz ideyalarını ekspertlərə təqdim etmək vərdişlərinə yiyələnəcəklər.