YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Ermənistan ordusu Azərbaycan torpaqlarını dərhal tərk etməli, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar

Bu fikir İstanbulda “Qaçqın və mirqant problemi” mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirilib.

İstanbulda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) və Ədalət və İnkişaf Partiyasının (AKP) birgə təşkilatçılığı ilə “Qaçqınlar və miqrantlar problemi” mövzusunda keçirilən beynəlxalq konfrans noyabrın 6-da başa çatıb.

Konfransda ölkəmizi Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatları Məlahət İbrahimqızı və Sahibə Qafarova təmsil ediblər.

Beynəlxalq konfransın sonuncu günü paneldə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qaçqın və miqrant problemləri ilə bağlı AŞPA-da görülən işlər, o cümlədən bu sahədə Azərbaycanın yaşadığı problemlər barədə iştirakçıları məlumatlandırıb. Deputat qeyd edib ki, dünyadakı ikili standartlar və təcavüzkar tərəfin işğalçılıq siyasətindən əl çəkməməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu vaxtadək həll olunmamasının əsas səbəblərindəndir. Ermənistan BMT və digər beynəlxalq təşkilatların işğala son qoymaq barədə qərar və qətnamələrini yerinə yetirmir, Azərbaycan torpaqları hələ də işğal altında saxlanılır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən çoxdur ki, öz yurdundan didərgin düşüb.

S.Qafarova vurğulayıb ki, təcavüzkar Ermənistanın işğalçı ordusu ən qısa zamanda Azərbaycanın zəbt olunmuş torpaqlarından çəkilməli, işğal faktına son qoyulmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdırlar. Milli Məclisin deputatı bəyan edib ki, Ermənistan rəhbərliyi öz vətəndaşlarını, həmçinin münaqişələr yaşanan ölkələrdən olan qaçqınları məqsədli şəkildə işğal etdiyi Azərbaycan torpaqlarında, əsasən də Dağlıq Qarabağda məskunlaşdırır. Dünya birliyi və beynəlxalq təşkilatlar Cenevrə Konvensiyasının (1949) prinsiplərinə zidd olan bu məkrli siyasətə göz yummamalıdır.

Konfransın rəsmi açılışında AKP-nin sədri, Türkiyənin Baş naziri Binəli Yıldırımın, ICAPP-ın baş katibi Çanq Eui-Yonqun və digər rəsmi şəxslərin çıxışlarında, o cümlədən panellərdə aparılan müzakirələrdə ayrı-ayrı ölkələrdə davam edən münaqişələrin, terror aktlarının dünyada yaratdığı təhlükələr, həmçinin qaçqın və miqrantların qarşılaşdıqları acınacaqlı vəziyyətlərdən bəhs olunub. Münaqişələrin dayandırılması, qaçqınların doğma yurdlarına qayıtması, miqrantların hüquqlarının qorunması kimi beynəlxalq problemlərin çözülməsində siyasi partiyaların rolundan danışılıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası ICAPP-ın daimi komitəsinin üzvüdür.

Konfransda İstanbul bəyannaməsi qəbul edilib.

 

DİGƏR Xəbərlər Arxiv